Məzmuna keç

Niçin?

Vikimənbə saytından
Niçin?
Müəllif: Hüseyn Cavid


Bən niçin məsti-eşqi-yar oldum?
Bu nə xülya ki, bən düçar oldum?
Bən niçin böylə dilfikar oldum?
Niyə məftuni-zülfi-tar oldum?
Niyə bədbəxti-ruzigar oldum?

Mərhəmətsiz mələk, ədalı gözəl
Gör nələr yapdı bir visala bədəl!
Yeni gülmək dilərdi şəmsi-əməl,
Ah... pək bəxtiyar idim əvvəl...
Bən niçin məsti-eşqi-yar oldum?

Sevərim... Son nəfəsdə inlərkən
Yenə atmam o nazlı dilbəri bən.
O gözəl gözlər, ah... o qönçə dəhən,
Çıqmıyor bir dəqiqə fikrimdən,
Bu nə xülya ki, bən düçar oldum?

Səhər aşiq o nurun ismətinə,
Bayılır pənbə gül təravətinə,
Cümlə heyran ikən nəzakətinə,
Uyar-uymaz onun məhəbbətinə,
Bən niçin böylə dilfikar oldum?

Hər könül bağlı bir vəfakarə,
Arıyor dərdi-eşqə bir çarə.
Bən niçin böylə qaldım avarə?
Niçin uydum o çeşmi-səhharə?
Niyə məftuni-zülfi-tar oldum?

Nə olur? Beş dəqiqə ləbbərləb,
Yaşasaydıq onunla məsti-tərəb;
Of, bilməm ki... Mərhəmət, ya rəb!
Bəni qəhr etdi iztirabü təəb,
İştə! Bədbəxti-ruzigar oldum.