Məzmuna keç

Nikolay Vasilyeviç Qoqol

Vikimənbə saytından
Nikolay Vasilyeviç Qoqol (1909)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


(Yüzillik yubileyinә mәxsus)
 
 
Rus әdiblәrinin әn mәşhurlarından birisi Qoqoldur.
 
Rusların milli әdәbiyyatının binasını qoyan Puşkin vә Qoqol olubdur. Bu iki müqtәdir әdibin qәlәmi sayәsindә rusların әdәbiyyatı tәbii halına vә tәbii rәnginә düşüb, firәnglәrin, ingilislәrin vә nemeslәrin әdәbiyyatı tәsirindәn xilas olmağa başlayıbdır.
 
Qoqol vә Puşkin milli әdәbiyyatlarını mәişәtlәrinin ayinәyi-hәqiqәtnüması edib, özlәrindәn sonra gәlәn üdәba vә şüәraya salamat bir mәslәk, müstәqim bir yol açıblar. Qoqol hәqiqәtnәvis әdiblәrin (realistlәrin) babası vә pişrәvi mәnzilәsindәdir.
 
Qoqol vә Puşkin vә bunlardan sonra Nekrasov, Turgenev, Dostoyevski, Qonçarov, L.Tolstoy, Çexov vә hal-hazırda Maksim Qorki vә L.Andreyev әllәrindә mәşәl rusların mәişәtinә daxil olub, onun hәr sәmtinә vә küncünә işıq salıb, millәtin yaralarını, ruhani vә cismani küdurәtlәrini, qәm vә şadlıqlarını görüb vә gördüklәrinin surәtini vә şәklini mahir nәqqaş kimi eyni ilә çәkib, bütün alәmә göstәrib deyirlәr: "Baxın, görün! Budur bizim millәt; bu sayaqdır onun diriliyi vә dolanacağı; budur onun halı, fikirlәri, hissiyyatı vә xәyalatı!"
 
Nikolay Vasilyeviç tәvәllüd edibdir Malorusiyanın Poltava quberniyasında, Soroçi adlanan qәsәbәdә, miladın 1809-cu ilindә, mart ayının 19-cu günündә. Qoqolun atası Malorusiyanın xırda mülkәdarlarından [olub] xoş xasiyyәt, eyş-işrәt sevәn bamәzә bir şәxs imiş ki, vaxtının çoxunu kefdә-damağda keçirirmiş. Anası isә sadәdil bir arvad imiş ki, hәr sözә inanarmış, çox vaxt ibadәtә mәşğul olarmış vә bәzi vaxtları da sәbәbsiz qәm-qüssә vә xiffәt edәrmiş. Qoqolun tәbiәt vә mәzacında valideyinin bu müxtәlif әxlaq vә әtvarı müşahidә olunarmış. Belә ki, Qoqol gah şad vә xürrәm olub, cümlәni şirin vә bamәzә söhbәtlәri ilә valeh edәrmiş, gah da adamlardan qaçıb, bir guşәdә intәhasız qәm vә әlәmә mübtәla vә xәyalat alәminә müstәğrәq olarmış.
 
Qoqol on üç sinnә kimi atasının mülkündә asudә vә rahat zindәganlıq edib, kәnd әhlinin dolanacağı ilә aşina olmuşdur. Burada Qoqol malorusların eyş-işrәtlәrini, çalıb-oynamaqlarını, gözәl nәğmәlәrini, ayin vә adәtlәrini, әxlaq vә adablarını bilafasilә müşahidә edib, sonralardan gördüklәrinin tamamisini artıq mәharәtlә yazıb, özünün hәqiqәtnәvis bir әdibi-kamil olduğunu aşkar etmişdir.
 
On üç yaşına yetişәndә Qoqol tәlim üçün Nejin gimnaziyasına qoyulur. Burada Qoqol meyl vә rәğbәtini әdәbiyyata salıb, tәlim işlәrinә çәndan şövq vә hәvәs göstәrmir; 1828-ci ildә bir növ gimnaziyanı qurtarıb qulluq etmәk şövqünә düşür vә bu qәsdlә Peterburq şәhәrinә azim olur. Amma burada onun işlәri arzusunca getmir vә bir müddәt artıq üsrәt ilә dolanıb, ancaq iki ildәn sonra departamentlәrin birisindә özü üçün alçaq bir çinovniklik xidmәti tapır.
 
Peterburqda Qoqol mәşhur Jukovski ilә tanış olur vә onun vasitә vә kömәyi ilә kәnardan özünә bir şüğl tapıb, maaş sarıdan işini bir az yüngüllәşdirir. 1831-ci ildә Qoqol Puşkin ilә tanış olur vә bu tanışlıqdan artıq istifadә edir. Puşkinin ona tәsiri çox olur. Onun әvvәlinci әsәrlәrinә diqqәt yetirib tәhsin edir vә gәlәcәkdә Qoqolun böyük vә müqtәdir bir әdib olmağını bildirib, bununla onun tәbinә tab vә qәlәminә qüvvәt verir. Puşkin ilә yaxın olduqdan sonra Qoqola guya tәzә bir hәyat verilir: onun tәbi, istiqamәti-qәlbi nuraniyyәt vә fikri cәladat kәsb edir. Bu vaxta kimi onun üçün qaranlıqda olan çox sirrlәr, pәrdәdә olan çox mәnalar açılıb aydınlığa çıxır.
 
Qoqolun iki böyük vә mötәbәr әsәrinin mәal vә mәzmununu ona Puşkin nәql edib, hәr iki әsәrin nә sәpkü-sayaqda yazılmasını şәrh vә bәyan etmişdir. Bu әsәrlәrdәn birisi onun "Revizor" ismindә yazılmış komediyasıdır. Bu komediyanı, eşitdiyimizә görә, cәnab Nәrimanbәy Nәrimanov türkә tәrcümә edibdir vә lakin onun yaxşı-yaman tәrcümә olunmağı barәsindә bir söz deyә bilmirik, çünki onu görmәmişik. İkincisi "Çiçikovun sәrgüzәşti", yaxud "Fövt olmuş nәfslәr" ünvanında yazılmış bir әsәrdir ki, misl vә bәrabәri yoxdur. Hәr iki әsәri sonralardan Puşkin mütaliә etdikdә Qoqolu bağrına basıb kamali-mәmnuniyyәtlә ona demişdir: "Sәn yazan kimi bunları mәn bacarıb yaza bilmәzdim. Hәr halda sәn mәndәn mahirsәn!" Heyfa ki, "Ölmüş nәfslәr"in ikinci cildi qurtarmamış, Qoqol İtaliyada ikәn Puşkin dueldә qәtlә yetişir. Bu xәbәrdәn Qoqol ziyadә qәmnak olub, dostlarından birisinә yazır: "Mәnim hәyatım, mәnim şadlığım vә tamam zövq vә şövqüm Puşkinlә bahәm fövt olub getdi".
 
Filhәqiqә, Puşkindәn sonra Qoqol әhәmiyyәtli vә layiqi-tәhsin bir әsәr meydana gәtirә bilmәdi. Ömrünün axır vaxtlarını Qoqol fikir vә әndişәdә keçirib, qeyri-tәbii bir hala vә ağır malxulyayә giriftar olmuşdu. Vәfatına bir az qalmış "Fövt olmuş nәfslәr"in ikinci hissәsini yandırıb tәlәf etmişdir. Vәfatı ittifaq düşüb fevralın 21-dә 1852-ci sәnәdә.
 
Qoqolun müxtәlif әsәrlәri çoxdur. Tamamisi ilә qәzetә sütunlarında oxucuları aşina etmәk qeyri-mümkündür. Onlardan artıq әhәmiyyәtlisi vә bizim mәişәtimizә az-çox yaxın olanı "Revizor" adında yazılmış komediyasıdır ki, müxtәsәrәn onun mәalını nәql etmәyә iktifa edirik.
 
Bu komediyada Qoqol xırdaca bir şәhәrin çinovniklәri ilә bizi tanış edib, hәr birisinin öz tәbii halı ilә gözümüzün önündәn keçirir. Bu çinovniklәrin sәrxeyli vә rәisi hesab olunan qalabәyi qorodniçi Anton Antonoviçdir. Bu şәxs elm vә kamalı ilә fәxr edә bilmәsә dә, xudadadi-әql vә tәdbiri ilә hamını aldada bilir. Özü öz hünәrini yaxşı bilib deyir: "Heç bir kәlәkbaz vә maşennik mәnim hiylә vә tәzvirimdәn xilas ola bilmәz. Onların cümlәsini soxulcan edib, qarmağa keçirib balıq tutaram!" Anton Antonoviç öz әqidәsindә sabitqәdәmdir. O öz günahını kamalınca düşünür, amma bununla özünә tәsәlli verir ki, dünyada bir adam tapılmaz ki, onun günahı olmasın. Allah özü dünyanı belә yaradıbdır; heç kәs günahdan pak deyil. Anton Antonoviç yaman rüşvәtxordur. Şәhәrin tüccarı vә alış-veriş adamları qaydanı gәrәk pozmasınlar. Qalabәyinin arvadına vә qızına tәzә çıxan parçalardan donluq göndәrsinlәr, xanımın vә ya özünün ad qoyulan günlәri tәbrik edib, lәyaqәtli hәdiyyәlәr gәtirsinlәr.
 
Bunlardan әlavә, Anton Antonoviç sövdәgәrlәrlә әlbir olub, podrat işlәrinә qarışır. Kilsә tәmiri üçün xәzinәdәn buraxılan pulu yeyib, lazım olan mәqamlara onun yanıb fövt olmasını xәbәr verir.
 
Xülasә, hardan ki, bir şey qoparmaq mümkündür, müzayiqә etmir. Doğrudur, onun bu gunә xilafi-zakon işlәrindәn xәzinәyә vә camaata zәrәr yetişir, amma özünә xeyir hasil olur: camaatda sәbr vә xәzinәdә pul çoxdur.
 
Qalabәyidәn sonra Qoqol sair çinovniklәri meydana çıxarır. Bunlar dәxi bir-birindәn bәdtәr, rәzil vә fürumayә adamlardır. Bunlardan kimisi qalabәyi kimi rüşvәtxor, kimisi tәnbәl, bәzisi axmaq vә sәfeh, tamamisi әxlaqsız, qorxaq, gülünc, gülmәli bәdbәxt kimsәlәrdir. Bu çinovniklәrdәn heç birisi öz işinә mәşğul deyil: sudya Lyapkin-Tyapkin sud işlәrini bilmәrrә unudub, ancaq öz әql vә kamalından dәm vurur. Onun heç bir şeyә etiqadı yoxdur. Kilsәyә getmir, şam yandırmır, allaha inanmır, bu iradlar ona tutulanda o, kәmali-iftixarla cavab verir: "Bu mәrtәbәyә öz әqlimlә çatmışam".
 
Mәrizxananın naziri Zemlyanika öz oğurluğu vә fitnә-fәsadı ilә şәhәrdә şöhrәt kәsb edibdir. Mәrizxanada naxoşlar çibin kimi qırılır. Onların müalicә vә mühafizәsi üçün buraxılan pulun tamamisini Zemlyanika yeyib, heç birisinin qeydinә qalmır. Poçt naçalniki Şpekin sadәdil bir adamdır ki, poçta salınan kağızları açıb oxumaqdan ziyadә hәzz aparır. Şәhәr şkolasının müdiri Xlopov çox qorxaq vә hәr şeydәn ehtiyat edәn bir şәxsdir. Hәkim Xristian İvanoviç rus dilini bilmәyәn qәribә bir vücuddur. Mәrizlәrә hәmişә ucuz dәrman verir, çünki, necә ki, Zemlyanika deyir: "Avam adam naxoşluqdan sağalsa, dәrmansız da sağalacaqdır, ölsә, dәrman versәn dә ölәcәkdir".
 
Dobçinski vә Bobçinski--bunlar çinovnik deyilsәlәr dә, hәmişә onların dairәsindә gәzib, harada aş olsa, orada başdırlar. Hәr yerdә nә xәbәr olsa, әvvәl bunlar eşidәcәklәr vә birinin üstünә beşini qoyub, ötәnә, keçәnә nәql edәcәklәr.
 
Bu kampaniyanın hamısı uzaq vә adsız bir şәhәrdә olur ki, haqqında Qoqol deyir: "Әgәr üç il bu şәhәrdәn at çapasan yenә dә heç bir mәmlәkәtә çata bilmәzsәn". Bunlar burada rahat, kefi kök dolanıb, vaxtlarını yeyib içmәkdә, kart oynamaqda, boş vә bimәzmun söhbәtdә keçirirlәr. Arvadları vә qızları dәxi özlәri kimi günlәrini bәzәk-düzәkdә, roman oxumaqda, qayibanә aşiq olmaqda, qeybәt qırmaqda, aralıq vurmaqda, dalaşıb-barışmaqda zay edirlәr.
 
Çinovniklәrin bu gunә rahәt vә qeydsiz dolanacağı qәflәtәn iztirab vә tәşvişә çevrilir. Belә bir xәbәr çıxır ki, Peterburqdan mәxfi çinovnik tәyin olunub, bütün quberniyanın işlәrini tәftiş etmәyә; xüsusәn, bunlar olduğu şәhәrin. Bu xәbәr hamının ürәyinә qorxu salır. Çünki heç biri günahdan pak deyil, hamının üstü pәrdәli eyblәri vә paxırları var.
Cümlәdәn ziyadә qorxu qalabәyinin canına çökür. Artıq әl-ayağa düşüb, başlayır şәhәrin işlәrini qayda vә nizama salmağa.
 
Qorxunun şiddәtindәn vә vahimәnin tәsirindәn әvvәlcә Bobçinski vә Dobçinski vә onların dalınca şәhәrin tamam çinovniklәri Peterburqdan gәlmiş cavan Xlestakovu ki, xırdaca bir çinovnik imiş, revizor hesab edirlәr. Xlestakov isә yolda pulunu uduzub, burada ciblәri boş qastinsada әylәşib qalıbdır. Qastinsaçı ona yemәk dә vermәyir vә biçarәnin aclıqdan qarnı quruldayır. Qoqol Xlestakovun tipini, yәni onun nә qisim adam olduğunu artıq mәharәtlә tәhrir etmişdir.
 
Xlestakov özünü öyәn, fikirsiz, yalan danışan, acığı tez tutub tez dә soyuyan, israf xәrc edәn, dәqiqәdә sözünü dәyişdirәn, başda söylәdiyi ilә ortada vә ayaqda söylәdiyi düz gәlmәyәn vә biri-birinә zidd olan, arsız vә qeydsiz vә imsalı hәr yerdә görünәn bir cavan idi ki, hәr kәs olsaydı, әvvәl dәfәdә onun boş vә yüngül bir vücud olduğunu dәrk edә bilәrdi.
 
Amma nә eylәmәk, qorxu yaman şeydir, qorxudan bunların hamısının gözlәrinә pәrdә çәkilir vә özlәrini itirirlәr. Qalabәyi kimi pürfәn, mühil vә hәrraf adam tora düşür, Xlestakovun boş vә ağılsız olduğunu anlamayıb, onu mәxfi tәyin olunmuş revizor sanır vә belәliklә, çaşıb, әql vә tәdbirini itirir.
 
Qalabәyi Xlestakovu mehmanxanadan artıq ehtiram vә tәntәnә ilә öz evinә gәtirir. Burada nahardan sonra şәrabın tәsirindәn ağzına gәlәn hәdyanı söylәyir. Guya o, Peterburqda әvvәlinci adamdır, o olduğu balda vә qonaqlıqlarda ancaq vәzirlәr vә generallar olur. Bu ziyafәtlәrdә süfrәyә elә qarpız gәlir ki, qiymәti yeddi yüz manatdır. Sup qazanlarda düz bir [başa] Parijdәn paraxodlarda gәlir, qazanın ağzını açanda әtri hamını valeh edir. Onun preferans yoldaşları Firәngistan, Almaniya vә İngiltәrә sәfirlәri vә bir dә ümuri-xaricә vәziridir. Hәr sәhәr hәlә o yuxudan durmamış onun qapısında qraflar vә knyazlar arı kimi vızıldaşırlar. Bir kәrә ona departamentin direktorluğunu tәklif etdilәr, amma o qәbul elәmirdi. Bu barәdә ona hәr tәrәfdәn elçi vә minnәtçi saldılar, kuryerlәr dalbadal gәlib gedirdi, belә ki, tәk kuryerlәrin hesabı otuz beş minә çatmışdı. Mәşhur Puşkin onun yaxın dostudur vә onun özü dәxi adlı vә hörmәtli әdiblәrdәn birisi hesab olunur.
 
Çinovniklәrdәn heç biri bu sözlәrin hәdyan vә başdan ayağa yalan olduğunu anlamayıb, bu hәdyәnatı eşitdikcә dәxi dә artıq qorxuşurlar vә canlarına titrәtmә düşür, әl-ayaqları әsә-әsә ona pul verirlәr. Xlestakov qızışıb deyir: "Mәnim hökmlәrim dәfәtәn cari olur!" Doğrudan da, bir tәrәfdәn qalabәyidәn pul borc alır, digәr tәrәfdәn sövdәgәrlәrin şikayәtinә qulaq asıb hiddәtlә deyir: "Mәn onu qulluqdan qovaram!" Bir tәrәfdәn qalabәyinin arvadına aşiq olur, digәr tәrәfdәn qızına elçi düşür vә axırda özündәn ağıllı vә tәdbirli olan nökәri Osipin mәslәhәtinә qulaq asıb oradan gedir.
 
Qalabәyi vә sair çinovniklәr çox sevinib şad olurlar ki, revizoru razı elәyib yola saldılar. Hamıdan artıq qalabәyi sevinir ki, qızını revizora namizәd etmәklә belә böyük vә möhtәrәm Peterburq çinovniki ilә bir qohumluq әlaqәsini bağladı. Şәhәr әhli onun evinә cәm olub, hәrә bir növ onu tәbrik edirlәr vә gәlәcәkdә onun uca mәrtәbәyә yetişәcәyini şadlıq ilә xәbәr verirlәr. Bu hindә poçt naçalniki Şpekin daxil olub, mәclis әhlinin kefini pozur. Bu cәnab Xlestakovun yoldaşına yazdığı kağızı xәlvәt açıb oxuyub vә ondan bilib ki, Xlestakov әsla revizor deyil vә kağızında onların sәfahәtinә gülür.
 
Mәclis әhli әvvәlcә Şpekinin sözlәrinә inanmayır vә qalabәyi qeyzlә onu tәhdid edib deyir ki, sәn nә cürәt edib belә bir böyük adamın haqqında bu gunә iftiraları söylәyirsәn, o mәnim yeznәmdir. Bu gunә zarafatlar sәnә nәf gәtirmәz. Bu sözlәrin müqabilindә Şpekin Xlestakovun kağızını başlayır oxumağa vә әhli-mәclis bir-bir özlәrinin övsafi-zәmimәlәrini oxuduqda qızarıb bozarırlar. Amma bununla belә şübhәdәn dәxi çıxırlar. Qalabәyi Xlestakov kimi axmaq vә yelbeyinin birisinә aldanmağına tab gәtirә bilmәyib, acığından az qalır dәli olsun. Bu halda qapı açılıb jandarma daxil olur vә hәqiqi revizorun Peterburqdan gәldiyini vә onları öz hüzuruna bilatәxir tәlәb etdiyini xәbәr verir. Bu dәhşәtli xәbәrdәn әhli-mәclis mat vә mәbhut qalır.... Burada pәrdә salınır.
 
Qoqolun bu komediyası әvәzsiz bir әsәrdir ki, hәmişә hәyat üzrә baqi qalacaqdır. Onun Qorodniçisi, sudyası, poçtmeystri, Dobçinski-Bobçinskisi, xüsusәn Xlestakovu necә ki, Rusiya dövlәti vardır, onlar da sağ vә salamat qalacaqlar.
 
Әlli sәnә bundan әvvәl Qoqol yazdığı komediyanın eynini bu halda bizim Qafqazın çox yerlәrindә müşahidә etmәk olur. Onun әdibanә vәsf qıldığı rüşvәtxor, tamahkar, tәnbәl, bacarıqsız, öz vәzifәsini anlamayan, camaata zülm edәn vә hәmәvaxt öz nәfslәrini güdәn çinovniklәr ilә bizim uyezdlәr vә mahallar doludur. Bizim çinovniklәrdәn bәzisi atbaz, bәzisi itbaz, kimisi ovçu, kimisi rüşvәtçi, kimisi fәsadçıdır, amma hәqiqi qulluqçu olanları azdır.
 
Qoqolun tәbiәt vә xasiyyәtindә hәr bir şeyin künhünә göz yetirmәk, mahiyyәtinә baxmaq vә hәr bir şeyin gülünc tәrәfini vә istehzaya layiq sәmtini görüb-göstәrmәk vardır. Rus әdiblәrindәn heç biri Qoqol kimi adamların üstә elә zәrifanә gülmür vә oxucuları güldürmür. Qoqolun gülmәyi qәribә bir gülmәkdir. Bizim mәişәtimizdә gülünc, gülmәli vә rişxәndә sәbәb olası ayin-adәtlәr, müxtәlif işlәr vә әmәllәr, danışıqlar vә söhbәtlәr çoxdur. Amma bunların hamısının üzünә adamların falşivi rәftar vә әlaqәlәrindәn toxunmuş bir pәrdә çәkilibdir ki, hәr adama onun alt tәrәfini görmәk qüdrәt vә qabiliyyәti verilmәyibdir. Qoqol isә pәrdәnin altını açıq görür vә onu zәrifanә qalxızıb, altında olan әcayibat vә qәraibata baxıb, naziganә gülür vә bizә göstәrib, bizi dә güldürür.
 
Qoqol zatәn psixoloq yarandığı üçün adamların boşluğunu, sәfahәt vә hәmaqәtini, büxl vә hәsәdini, zülm vә şәrarәtini görür vә bunu da görür ki, onlar nә növ zahiri әda vә hәrәkatları ilә istәyirlәr qeyrilәri aldatsınlar vә özlәrini ağıllı, tәdbirli, sәxavәtli, insaflı vә mürüvvәtli göstәrsinlәr. Adamların bu ikiüzlülüyü, bu saxtakarlığı, bu hiylәsazlığı Qoqola gülünc gәlir, o gülür vә bizim gözümüzü dә hәqiqәt hala açıb, bizi dә güldürür. Amma Qoqol acı vә ürәk yandırıcı gülüş ilә gülür. Zahirdә güldüyü adamların halına batindә ağlayır vә bu barәdә o yazır: "Alәmin gözünә görsәnәn gülmәyimin altından nәzәrә gәlmәyәn göz yaşım axır....".
 
Necә ki, "Revizor"da, habelә dә "Fövt olmuş nüfus"da Qoqol mәişәtin qaranlıq tәrәfini, zülmәt vә cәhalәtlә dolmuş hissәsini yazıb göstәrir. Puşkinin tәbi durbinә, amma Qoqolun tәbi zәrrәbinә tәşbih olunubdur. Puşkin durbin kimi mәişәtin uzaq yerlәrini vә gözәl mәnzәrәlәrini işıqlı vә qәşәng bir halda göstәrirkәn, Qoqol zәrrәbin kimi yaxında olan vә gözün önündә, şişәnin altında tәrpәnәn nifrәtәngiz hәşәrat vә mikrobları böyüdüb göstәrir. Qoqol belә rәvayәt edir ki, "Ölmüş nüfus"un әvvәlinci bablarını Puşkinә oxuyanda o, fikrә getdi. Onun bu halına tәәccüb etdim, çünki o hәmişә mәnim yazdıqlarıma qulaq asanda gülürdü. Amma indi mәn oxuduqca o bikeflәndi vә axırda bilmәrrә rәngi tutuldu, mütәğәyyiri-hal oldu. Mәn oxumağı qurtardım. O, ürәkdәn bir ah çәkib dedi: "Pәrvәrdigara! Bizim Rusiya nә pürğәm vә pürmәlal mәmlәkәtdir!".
 
Bizim әdiblәrimizdәn mәrhum Mirzә Fәtәli Axundov asari-qәlәmiyyәsi ilә Qoqola çox bәnzәyir. Mirzә Fәtәli dәxi öz komediyalarında xәyalat gücü ilә vә savad zoruyla bir şey yaratmayıb, hәr nә yazıbsa, dolanacağımızın eynindәn vә mәişәtimizin övzai-әhvalından götürübdür. Mәrhum Mirzә dәxi zahirdә yazdıqlarının üstә gülürsә dә, batindә ağlayır vә hәqiqәtәn bir az dәrin fikir etsәk görәrik ki, onun Molla İbrahimxәlili, Hacı Qarası, Hatәmxan ağası, Tarıverdisi, Ağa Mәrdanı vә qeyrilәri yazıq vә bәdbәxt adamlardır ki, onların halına gülmәkdәn isә ağlamaq lazımdır.
 
[Ruslar] büsat açıb cәşn vә bayram edir. Bu böyük milli bayram ilә biz dәxi rus әdiblәrini vә rus millәtini tәbrik edib onların qәdrşünas olmaqlarına tәhsin oxuyuruq.
 
Aya, Mirzә Fәtәli Axundovun yüz illik yubileyi dә bizim yadımıza düşәcәkdirmi vә bizdә dәxi millәt hissi vә milliyyәt damarı ayılacaqdırmı, biz dә öz әdiblәrimizin şan vә şәrәfini, qәdr vә qiymәtini dәrk edәәyikmi?!