Məzmuna keç

Novruz Bayramına hazırlaşan müsəlmanlara töhfə!

Vikimənbə saytından
Novruz Bayramına hazırlaşan müsəlmanlara töhfə!
Müəllif: Cəfər Cabbarlı

Pər vur, ey mürği-dili-zarim, bu möhnətxanədən,
Uçgilən balalərə, seyr et mədari-aləmi!
Aləmi-islamə bax! Bir yanda işrət bərqərar,
Bir tərəf fəryadə guş et, gör qurulmuş matəmi.

Bax, könül, baladən ol buz bağlayan səhralara,
Bax o çılpaq, ac yetimin naləvü fəryadinə.
Gör acından rəngi solmuş qızları xarü zəlil.
Varmı gör bir kimsə yetsin onların imdadinə?

Bir tərəf millət zəvalə üz tutub biixtiyar,
Bir tərəfdə xanimanlar tar-mar olmaqdadır.
Bir tərəfdə əğniyamız eyd üçün hazırlanır,
Musiqi avazəsindən nəşədar olmaqdadır.

Ey içən bəxti-səadət şərbəti, sirab olan,
Qarlar içrə ac qalıb can tərk edir ixvanınız!
Ey vuran fəryad içində tarə mizrabi-səfa!
Matəm içrə eyş olur?.. Yoxdurmu heç vicdanınız?!

Hər tərəf mövci-həlakət üz tutub ixvaninə,
Bunların halından, aya, kim xəbərdar olmalı?
İngilislərmi, firənglərmi və ya islamilər?
Kim yanıb qardaş qəmində çox dilazan olmalı?

Xaneyi-millət xərab olmaqda, imdad istəyir.
Ey ucaldan təqi-ərşə fəxr ilə kaşanələr!
Nerdədir "əl mömininə ixvətin" ayatı bəs?
Ey özün islamə daxil eyləyən biganələr!

Ey özün mömin bilənlər, imtəhan meydanıdır,
Qəlbiniz amalını etsin sübut amalınız.
Leyk, millət, can verir, siz eyşü nuş aludəsi,
Şər qanuninə mütləq ziddir əfalınız,

Bu zəlalət ərsəsində cismi-millət bisipər,
Tiqi-cəlladi-əcəl rədi-səma tək rəşədar.
Zülm ilə pamal olur millət, siz eyd etməkdəsiz.
Hökmi-Quran böylədirmi, söylə, ey biəğniya?

Ax, bu səslər kimləri imdadə səslər müttəsil?
Ax, bu əllər hansı bir qövmin dilər ehsanini?!
Kimlərə bu yaşla dolmuş gözlər olmuş intizar?
Ax, bu solğun xəstə kimdən gözləyir dərmanini?!

Bax, bu yanda gör tərənnümsüz olur sazəndələr,
Ax, nə xoş rəqs eyləyib əl oynadır rəqqasələr!
Gör nə zəninlə tamaşa eyləyir bu çeşmlər,
Ax, nə xoş kəskin şəfəq saçmaqdadır əlmasələr!

Ac yetimlər naləsi əflakə əksəndaz olur;
Əğniyalər süfrə qurmuş, eyd edir püriftixar.
Böylə bir millət yaşarmı? Bu nə cür bir sirdir?
Bəzi işrət, bəzisi ac, giryələr eylər nisar.

Ağla, ağla, ey yetim, imdadə səslə milləti!
Çal, çal, ey sazəndə, tarın başqa bir xülyası var!
Ax, ax, ey göz yaşları, səpil bəla tək mövcə gəl!
Tök, tök, ey saqi, şərabın dadlı bir sevdası var!

Lal ola, ya rəb, o dil imdadə gəldim söyləməz,
Kar ola ol naləyə guş etməyən cəlladlər!
Kor ola, ol kor olan gözlər ki, görməz zilləti,
Məhv ola ixvaninə rəhm etməyən şəddadələr!

Ar ola ol şəxsə kim, fəryad eşitməz, inləməz!
Ar ola ol şəxs əsla rəhmi yox, ehsanı yox!
Ar ola ol millətə kim, matəm içrə eyş edər!
Ar ola ol millət əfradinə kim, vicdanı yox!