Məzmuna keç

Noxudu keçəl

Vikimənbə saytından
Nağıllar. Noxudu keçəl
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri var idi, biri yoxdu, tanrı var idi, bəndəsi çox idi. Bir keçəl var idi, buna Noxudu Keçəl deyərdilər. Keçəlin bir dayısı var idi, bir də dayısı arvadı var idi. Keçəl damlarının üstündə oturmuşdu. Gördü dayısının arvadı darğa ilən söhbət eləyir. Qulaq aşdı, darğa dayısının arvadına dedi:

– Ay aşına, mənim xırmanım ala öküzlü xırmandır, mən alma qabığını yolnan tökə-tökə xırmana gedirəm. Sən plov bişir götür, alma qabığını yığa-yığa gəl, mənim ala öküzlü xırmanıma çıxarsan.

Darğa bunu deyib getdi. Keçəl evə gəldi, dayısı arvadına dedi:

– Dayım xırmanda yanır, deyir mənə qatıq-çörək gətir.

Arvad qalxdı, könülsüz-könülsüz keçələ qatıq-çörək verib yola saldı. Keçəl çörəyi, qatığı götürüb darğanın xırman yoluna tökülən alma qabıqlarını götürüb öz xırmanlarının yoluna düzəldi. Getdi xırmanlarına çatdı. Yavan çörəyi dayısına verdi dedi:

– Ay dayı! Mənim ala öküz xoşuma gəlir, mən bu qatıq ilə öküzümü ala boyayacam.

Dayısı dedi ki:

– A başın batsın keçəl, dəli olma!

Keçəl qulaq asmadı, qatığnan qızıl öküzlərini ala-bula elədi. O tərəfdən arvad plovu hazır elədi. Qaba töküb alma qabıqlarını yığa-yığa gəldi, öz xərmənlərinə çıxdı, gördü öküzləri aladır. Məəttəl qaldı. Kişi dedi:

– Ay arvad, gün hansı tərəfdən çıxıb, ay hansı tərəfdən doğub, cinlərin hansı dağlara dağılıb ki, bizi yad eləyirsən?!

Arvad əvvəl qızardı, sora dedi:

– Ay kişi, bildim ki, xırmanın tozu döşünüzü tutur. Küpənin dibində bir az yağ qalmışdı, onnan çərçidən aldığım düyünü plov bişirib gətirdim ki, yiyəsiniz sinənizin tozu təmizlənə.

Keçəl üstünü vurmadı, gəldi dayısından xörəyi yeməyə. Arvad dedi:

– Ay kişi, siz elə də olsa xörəyi yeyəcəksiniz, belə də olsa. Darğanı da çağırın gəlsin bir-iki tikə də olsa, o yesin. Vergidə, xarcda bizi gözdəyər.

Dayısı keçələ dedi:

– Keçəl, dur get darğanı çağır gəlsin. bir-iki tikə biznən çörək yesin.

Keçəl getdi darğanın xırmanına, dedi:

– Ay darğa, köpəyoğlu, dünən nə iş qarışdırıbsan, dayım odu gəlir səni öldürməyə.

Keçəl bunu deyib axsaya-axsaya gəldi öz xırmanlarına, dayısına dedi:

– Ay dayı, darğagilin itləri var, mənim də baldırımı dişlədi, çağıra bilmədim. Yabanı al get, özün çağır gəlsin.

Kişi yabanı götürüb getdi darğanı çağırmağa. Darğa kişini görüb qaçdı. Kişi çağırdı ki, heç olmasa gəl gedək, bircə tikəsə də ye. Darğa daha da bərk qaçdı. Elə bildi ki, kişi deyir:

– Heç olmasa bir yaba vırım, sora get.

Darğa dalına baxmayıb daha da bərk qaçmağa başladı. Kişi darğanı qaçan görüb qayıtdı öz xırmanlarına gəldi. Dedi:

– Ay arvad, bilməyirəm nə olubsa da, darğa məni görəndə qaçdı gəlmədi. Əlbət, bir gün qonaq çağırarıq, əvəzini çıxarıq.

Arvad bildi ki, bu arğac keçəldən keçib. Ancaq keçəlin üzünə bir söz diyə bilmədi. Keçəl dayısınnan bərabər basıb şirin-şirin plov yedilər. Arvad donquldana-donquldana boş qabları götürdü evlərinə getdi.

Sabah gənə keçəl damlarının üstündə oturmuşdu, darğa gəldi dayısı arvadının yanına dedi:

– Ay aşına, dünən yolu yanıldın, gəlib çıxmadın. Bu gün dolma bişir, mən yolnan xurma tökə-tökə xırmana gedəcəm. Sən xurmanı döşürə-döşürə gəl, mənim xırmanıma.

Darğa bunu deyib getdi. Keçəl damın üstündən darğa ilən dayısı arvadının danışığını eşitmişdi. Genə gəldi qatıq-çörək götürdü, qayıtdı darğanın xırman yoluna tökülən xurmaları yığıb, öz xırman yollarına düzdü. Getdi yavan çörəyi dayısına verdi, genə qızıl öküzlərini ala boyadı.

O tərəfdən arvad dolmanı bişirdi, yola düşdü. Xurmanı yığa-yığa genə gəldi öz xırmanlarına çıxdı. Kişi genə dedi:

– Ay arvad, sən nə yaxşı insafa gəlibsən. Bu dolmanı necə bişirdin gətirdin, nə bildin ki, mənim ürəyim dolma istəyir?

Arvad min bir dilnən kişinin yanımda özünü təmizə çıxartdı. Dedi:

– Ay kişi, nə olacaq? Qonşulardan borc-xərc elədim, qoymadım sən burada ac qalasan.

Keçəl bütün əhvalatı bilirdi, üstünü vurmadı, gəldi, oturdu dayısınnan bərabər dolmanı yedi, qalxdı.

Sabah ertə keçəl damlarının üstündə oturmuşdu, darğa qaşqabağı yernən getmiş gəldi, dedi:

– Aşna, sən heç vədənə doğru çıxmayırsan. Dünən də gözləməkdən yoruldum, xörəyi gətirib gəlmədin. Bu dəfə halva çal, mən yola fındıq tökə-tökə gedəcəm. Halvanı götür, fındığı yığa-yığa gəl mənim xərmənimə çıx.

Darğa bunu deyib getdi. Keçəl damın üstündən enib gəldi qatıqçörəyi götürdü, darğanın xırman yoluna düzülən fındıqları yığıb öz xırman yollarına düzə-düzə getdi, yavan çörəyi dayısına verdi, genə öküzlərini qatıqnan ala-bula boyadı. Bu tərəfdən arvad halva çalıb qaba çəkdi, yola düşdü. Fındıqları yığa-yığa gəldi öz xırmanlarına çıxdı. Kişi dedi:

– Ay arvad, sən nə yaxşı insafa gəlibsən. Sən beləliknən bizi o qədər bordayarsan ki, dərimizə sığmarıq.

Arvad min bir dilnən kişini inandırdı ki, bunu da qonşulardan borc alıb bişirib. Keçəl üstünü vurmadı. Gəldi dayısıynan bərabər halvanı basıb yedi. Arvad boş qabları götürüb deyinə-deyinə evlərinə gəldi. Keçəl damlarının üstündə oturmuşdu, gördü darğa gəldi, dayısı arvadına dedi:

– Aşna, sən heç əhdimə doğru çıxan döyülsən. Sabaha süddü aş, kömbə bişir, mən də qarpız alım gələcəm, evdə yeyib kef çəkərik. Darğa bunu deyib getdi. Keçəl qatıq-çörək götürüb gəldi dayısının yanına, bütün əhvalatı dayısına nağıl elədi. Xırmançılar xırmanlarını döydülər, evlərinə getdilər. Axşam oldu, hamı yeyib yatdı, sabah işlərinə getdilər.

O tərəfdən arvad süddü aş, kömbə bişirib darğanın yolunu gözləməyə başladı. Bir az keçdi, darğa bir qarpız da alıb evə gəldi. Bunlar oturub yemək istəyirdilər ki, birdən qapı döyüldü. Arvad oynaşı buğda kisəsinə saldı, süddü aşı yükün altına qoydu, kömbəni yükün üstünə qoydu, qarpızı da bir küncə dığırradı. Qapını açdı, keçəl dayısınnan içəri girdi, oturub çörək istədilər. Arvad qalxdı qaşlı-qabaxlı gətirdi olara yavan çörək qoydu. Keçəl dedi:

– Ay dayı, mənim bir sözüm var, onu söyləyim, sora yeyək.

Dayısı dedi:

– Söylə, qulaq asaq.

Keçəl dedi:

– Mən yolnan gedirdim gördüm bir ilan yolda qıvrılıb, yatıb yükün üstündəki kömbə kimi. Başına bir daş saldım, küncdəki qarpız kimi, başı elə dağıldı ki, nəmidəki süddü aş kimi, gözləri işıldamağa başladı, kisədəki oynaş kimi.

Əhvalat açıldı, keçəl dayısıynan bərabər oynaşı tutdu öldürdü. Meyitini quyuya salıb gizlətdilər. Sora xörəkləri gətirib qabaqlarına qoyub yedilər. Arvada tənbeh elədilər, ömür sürməyə, gün keçirməyə başladılar.