Məzmuna keç

Nuhun ömrü

Vikimənbə saytından
Nuhun ömrü

Sister Projects. Həmçinin baxın: Haqqında •


Nuhun ömrünün çoxluğu ərəb-fars ədəbiyyatında atalar sözünə çevrilmişdir. Tarix və rəvayətlərə görə onun ömrü 1000-2800 il arasında təxmin edilir. Amma Yəqubi və onun kimi bir çox tarixyazarlar onun ömrünü Ənkəbut surəsində olduğu kimi camaatın arasında qalma müddəti (950 il) qeyd edirlər. Məclisi “Biharul-ənvar” kitabında yazır ki, yer əhli Nuhun ömründə ixtilaf edirlər. Bir qrupu 1000 il, biri 1450, üçüncüsü 1470 il, dördüncüsü 2300 il, amma mötəbər rəvayətlərdə 2500 il gəlmişdir.

Məsudi “İsbatul-vəsiyyə” kitabında yazır ki, Nuhun yaşı bir rəvayətə görə 1450 il, başqa bir rəvayətdə 2300 il olduğu, Allah tərəfindən seçiləndə 850 yaşı var idi. 950 ildə öz milləti ilə birlikdə keçirib (və onları tövhidə və tək olan Allaha ibadətə çağırıb). Tufandan sonra isə 500 il yaşayıb, birlikdə 2300 il olur. Başqa bir hədisdə isə 2800 il dünyada ömr sürməsi rəvayət olunur.

Məclisi də bu haqda buyurur: -“Səduq, Əli ibni İbrahim və Ravəndi Əhli-beyt (ə)-dan nəql edirlər ki, o, həzrətin ömrü 2500 ildir. Belə ki, 850 il peyğəmbərliyə yetişməzdən əvvəl, 950 il camaat arasında təbliğdə, 200 il gəmi düzəltməkdə və 500 il isə gəmidən düşəndən sonra şəhərləri abad etmək, öz övladlarını o şəhərlərdə yerləşdirməkdə sərf etmişdir.”

Hər halda Quranda gələn peyğəmbərlərin arasında hamıdan çox ömr sürən Nuh peyğəmbər olubdur. Bəziləri (məsələn: Sələbi) bu uzun ömrü Allahın möcüzəsi bilib yazırlar ki, Nuhun möcüzəsi onun özündə idi. Çünki 1000 il ömr etdi, amma bu müddət ərzində onun qüvvəsi azalmadı və heç bir dişi tökülmədi.

Bəzilərinin isə əllərinə çox uzaq gəldiyindən onu başqa mənaya yozmağa çalışmışlar. Yaxşısı budur onların sözlərindən və cavablarından sərfi-nəzər olunsun. Çünki əvvəla Nuh kimi böyük şəxsiyyətlərin ömrünün uzunluğu ilahi qüdrətə aiddir və bunun kimi minlərlə xariqul-adə (adi olmayan) işlər belə möcüzə, ya kəramət şəklində, peyğəmbər və övliyalardan baş vermişdir. Bunlar hamısı Allahın fərmanı və nufuzlu qüdrəti ilə olan işlərdir.

Başqa bir tərəfdən isə qədim insanların sadə yaşayışı, fikir rahatlığı, təbii yeməkləri, bizə irs yetişən cürbəcür xəstəliklərin olmaması, bəşəriyyətin artması nəticəsində yaranan çətinliklərin olmaması, ağır, gec həzm olan yeməklərin təsirindən tez ölmə hallarının olmaması və həddindən artıq cinsi ləzzətlərin ardınca olmamalarında, sadəliklə onların ömrlərinin uzun olmasının sirrini dərk etmək olar. Həkimlərin dediyi kimi, hər nə qədər bəşəriyyətin fikri rahat, yaşayışı sadə, yeməyi təmiz, gigiyena qaydalarına və sağlamlığa riayət etsələr bir o qədər uzunömürlü olarlar.

İnsanın təbii ömrünün kəmiyyətində həkimlər hələ də dəqiq nəzəriyyə irəli sürə bilməyiblər. Müxtəlif təcrübələr və təhqiqatdan sonra bu nəticəyə gəliblər ki, insanın ölmə səbəbi onun 80 ya 90 il yaşaması deyil, bəlkə kənardan müxtəlif maneələrin olması onun davamına mane olur. Buna görə də bəzi alimlər məxsus yemək pəhrizləri, vitaminlər və müxtəlif elmi yollarla bəzi heyvanların ömrlərini 900 il təbii ömrə çatdıra biliblər. Bu cümləni məşhur həkimlərdən biri demişdir: -“Ölümün səbəbi qocalıq yox, bəlkə xəstəlikdir.”

Məşhur cərrah professor Aleksis Karel bir heyvanın bədənindən ayrılmış bir hissəni o heyvanın təbii ömründən çox qıraqda diri saxlaya bilmişdir. Bu barədə artıq izah bizi öz bəhsimizdən kənara çıxardır. Əziz oxucular, bu barədə həzrət Sahibəz-Zaman (ə)-ın ömrü haqqında yazılan kitablara müraciət edə bilərlər.

Həmçinin bax

[redaktə]