Məzmuna keç

Nurini mah mehri-rüxündən alır müdam

Vikimənbə saytından
Nurini mah mehri-rüxündən alır müdam
Müəllif: Məhəmməd Füzuli


Nurini mah mehri-rüxündən alır müdam,
İnkar edərsə, şəhr güvahımdurur tamam.

Mehrab imiş qaşın ki, ona qarşı kipriyin
Səf-səf gəlir qiyamə qılıb qəmzəni imam.

Ol hur vədəsinə behişti-visal üçün,
Quranca etibar edübəm hasili-kəlam.

Əksi-rüxün oğurladığıçün dönə-dönə,
Asıldı güzgü şəhrdə, eldən sürüldü cam.

Dəşt üzrə girdbadmı, ya gəldiyim görüb,
Məcnun qubarıdır ki, durub eylər ehtiram.

Durğurma yolların yügürüb tutma, ey sirişk,
Ol sərv edəndə naz ilə bizdən yana xüram.

Həmsöhbət oldu daneyi-əngur zahidə,
Əsli budur ki, oxudular badəni həram.

Meyxanədir cahanda, Füzuli, məqami-əmn,
Cəhd et bir növ hübab kimi, onda tut müdam.