Oğlan (Məhəmməd Tağı Sidqi)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Oğlan
Müəllif: Məhəmməd Tağı Sidqi

Gəl verək əl-ələ yoldaş, oğlan,
Cəm olaq bir yerə qardaş, oğlan!
Bir çıxaq cəhldən biz kənara,
Elm təhsil edək bir baş, oğlan.

Yetə Allah bizim dadımıza,
Əcr əta eyləyə ustadımıza.

Səy edək dərsimizə diqqət ilə,
Cəm olaq məktəbə behcət ilə,
Elm təhsil edək rəğbət ilə,
Tutmasın qəlbimiz atəş, oğlan.

Yetə Allah bizim dadımıza,
Əcr əta eyləyə ustadımıza.

Fikr edək biz gərək sübhlə şam,
Elm, sənət üçün edək iqdam,
Ta ola qəlbimiz bircə aram,
Biz də rahat olaq ey kaş, oğlan.

Yetə Allah bizim dadımıza,
Əcr əta eyləyə ustadımıza.

Ey xuda, bax, bu balü pərə sən,
Gülüstan içrə gülün dərəsən,
Ömr əta eylə bu beyrətlərə sən
Ta olaq millətə yoldaş, oğlan.

Yetə Allah bizim dadımıza,
Əcr əta eyləyə ustadımıza.