Oğrun yenə əğyarə baxar yar içəridən
Görünüş
(Oğrun yenә әğyarә baxar yar içәridәn səhifəsindən istiqamətləndirilmişdir)
Oğrun yenə əğyarə baxar yar içəridən Müəllif: Məhəmmədəli bəy Məxfi |
Oğrun yenə əğyarə baxar yar içəridən,
Bu baxmağı, əlhəq, məni odlar içəridən.
Hicrində gözüm yaşı töküldükcə qutarmaz,
Guya ki, bu qan çeşməsi qaynar içəridən.
Şəhdi-ləbini sormasa, sönməz dili-suzan,
Əzbəs ki, yanır narə o bimar içəridən.
Könlümdə olan yarəni bir-bir görəsən ta,
Bir xəncər alıb köksümü sən yar içəridən.
Munca tökərəm əşk, könül atəşi sönməz,
Əzbəs ki, tutub zar könül nar içəridən.
Əğyar ilə həmbəzm ola bu laləüzarım,
Min yarə urub köksümə dağlar içəridən.
Heyhat vüsalın ola bu Məxfiyə qismət,
Ta çıxmaya bəzmindəki əğyar içəridən.