O eşqi-cani kim görər, Canani əlbət sevər

Vikimənbə saytından
O eşqi-cani kim görər, Canani əlbət sevər (1997)
Müəllif: RAUF CAVAD

Sən Aşiqə bax Aşiqə, eşqi dillərə əzbər,
O eşqi-cani kim görər, Canani əlbət sevər!

Hüsnü camali bənzər Zöhrəyə, nuri Xəyalə,
Bəzənib aləm rənginə, surəti canlı əsər.

Heyranıdır göydə mələklər eylərlər təmaşa,
Hər gün səhər, ümid-sevgi sərin meh kimi əsər.

Kəskindir dərin baxışı əsrarəngiz gözəlin,
Doğrayar qəlbi, dərdi-sevgisi qılınc tək kəsər.

Çağırar ahü-fəğanə, gör nə qədər qəriban,
Geyinər Rövşən ağ libasın olar dinə sipər.

Varmı böylə gözəl şanlı-qanlı tarix qədəri,
Ki, insanlığa, ölümə hər şeyi qurban edər?!

Yarin hali pərişan, düşüb can susuz vadiyə,
Zülmə qarşı küfri-iman vuruşar eylə nəzər!

Acıdır həqiqət, kim ki, Həqqi heç fəhm eyləməz,
O səbəbdəndir ki, hər kərə bu sirr gizli gəzər.

Xəstə könlümün şəhriyarıdır eşqinin mülkü,
Od tutub yanır sevgi, atəşin ruhimi bəzər.

Yar, Rauf Qəmli, gözlər dikilib siyah zülfünə,
Gəl ki, bitsin bu həsrət, coşsun dəli könlüm xəzər!