Odur karvani-eşqin sarivani

Vikimənbə saytından
Odur karvani-eşqin sarivani
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 64-66

Odur karvani-eşqin sarivani,
Nəhayətsiz fəzilət karvani.

Odur ehya qılan qanıyla dini,
Odur Xətmi-Rəsulun canişini.

Odur cənnətdə eşq əhlinə saqi,
Bular ondan könüllər feyzi-baqi.

Odur dəryayi-nurun dürri-pakı,
Odur ləl eyləyən hökmiylə xakı.

Odur bürci-vəcahətdən doğan mah,
Odur ən möhtərəm, ən möhtəşəm şah.

Odur saillərin ümidgahı,
Odur cümlə cahanın qibləgahı.

Ona eşq əhli derlər misli-Kəbə,
Odur aşiqlər üçün səsli Kəbə.

Bu, ya Rəbbim, nə hikmətdir, nə sirdir,
Onun ismi sənin isminlə birdir.

Fəqət bir hərf iləndir, fərqi-suğra,
Sənin ismin Əlidir, onda Əla.

Əli kimdir, Əli şəmsi-ədalət,
Əli kimdir, Əli dəryayi-rəhmət.

Əli kimdir, ona canım fədadır,
Əli kimdir, Əli Şiri-Xudadır.

Əli insanı təqvaləndirəndir,
Əli Quranı mənaləndirəndir.

Əli Allaha zikrin tul edəndir,
Əli nəfsin boğan məqtul edəndir.

Əlinin zatı zatı-kibriyadır,
Əlinin nəfsi nəfsi-Müstəfadır.

Əli qılmışdı nəfsin öylə fani,
Olub xoşnud görəndə xüşk ani.

Əli kəsmiş fənadan irtibatı,
Əlinin düzgün ibrətdir həyatı.

Özün dərk eyləyən dərk eylər anı,
Özündən bixəbər tərk eylər anı.

Bilə zər qədrini, sözsüz ki, zərgər,
Nə bilsin zəfəranın qiymətin xər.

Nə görməz şəmsi-əma afitabı,
Fəqət əttar çəkər güldən gülabı.

Nə gül ətrindən olmuş məst ürəklər,
Nə gül dövründə rəngarəng ləçəklər.

Nə gül, bir gül ki heç yoxdur misalı,
Nə gül, bir bərqi min cənnətdən ali.

Əlidir övliyalar övliyası,
Əlidir əhli-eşqin rəhnüması.

Əlini zikr edən dillər var olsun,
Əlini sevməyən kəslər xar olsun.

Əli o kəsdi ki, fövqəlbəşərdi,
Əliyə dost olanlar bəxtəvərdi.