Məzmuna keç

Ol zaman mən edərəm zövq ilə bu candan həzz

Vikimənbə saytından
Ol zaman mən edərəm zövq ilə bu candan həzz
Müəllif: Əbülqasim Nəbati


Ol zaman mən edərəm zövq ilə bu candan həzz
Ki, yetib vəslə, edəm söhbəti-canandan həzz.

Görcək o novgülü, könlüm güli-xəndanə dönər,
Necə kim, bülbül edər tərfi-gülüstandan həzz.

Mürği-dil məskəni ol zülfi-çəlipa olanı,
Qəm yeməz dəxi, edər hali-pərişandan həzz.

Qoyma xali qala könlüm qəmi-eşqindən kim,
Adətimdir, edərəm mən dili-suzandan həzz.

Lütf qıl, sinəmi qıl bir hədəfi-tiri-cəfa,
Könlüm istər edə bir navəki-müjgandan həzz.

Ver səfa könlümə, tök seyli-sirişkim gözdən,
Mən həmişə edərəm bu düri-qəltandan həzz.

Qəm yükün çəkməyə Məcnun kimi sərməst gərək
Ki, edər qönçə kimi çaki-giribandan həzz.

Təng olur ruyi-zəmin rəzm günü namərdə,
Mərd edər şir kimi ərseyi-meydandan həzz.

Ol güli-tazə niqabın, nolar, üzdən götürə,
Yetə pərvanəyə ta şəm’i-şəbistandan həzz.

Görsəm ol qaməti-mövzunu, itirrəm özümü,
Böylə kim, qumru edər sərvi-xuramandan həzz.

Dəxi bundan belə çox eyləmərəm meyli-visal,
Eylərəm mən də Nəbati kimi hicrandan həzz.