Məzmuna keç

Ola (Şair Nəbi Borçalı)

Vikimənbə saytından
Ola
Müəllif: Nəbi Miskin
Zəncirləmə müxəmməs
Mənbə: Şair Nəbi Borçalı. Sığındım Mövlaya. Bakı, “Çıraq” nəşriyyatı, 2013

Könül uça dost bağına, yetkin bağçası bar ola.
Ətirənbər tər, bənövşə, hər yanı laləzar ola.
Açıla köysünün bağı, təzəcə yağmış qar ola.
Baş verə sinəsindən, bir cüt qönçə nar ola.

Nar yetirib dərməlidir, qaşı-gözü sürməlidir.
Açıb üzün görməlidir, üzü lalə, ləbi qaymaq,
Mən gəzmişəm neçə oymaq,
Heç olurmu ondan doymaq?!
Kaş ki düşə qismətimə, bu misildə bir yar ola.

O yar məndən aralıdı, gül irəngim saralıdı.
Bağrım başı yaralıdı,
Qaraxaçın maralıdı.
Bəzənə atlas, ipək, kətan köynəyi darala.
Qızıl bilərzik qoluna,
Нənа yaraşır əlinə.
Əlindən tutmalıdır, qolboyun yatmalıdı.
Nazu qəmzə satmalıdı, arada-beh-bazar ola.

Qulluğunda durar nökər, bazarında qəndi-şəkər,
Danışığı şirin-şəkər, çoxları həsrət çəkər,
Gecə-gündüz qan-yaş tökər, sevənləri qoydu bekar,
Sürməsini qaşa çəkər, çalmasını başa çəkər,
Döşünün nübarını, hər kəs ki, dərsə barını,
Şair Nəbinin axır sözü, budur ki, etibar ola.