Məzmuna keç

Ola (Aşıq Musa)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ola
Müəllif: Aşıq Musa
Mənbə: Aşıq Musa, "Əsərləri" (tərtib edəni:İslam Ələsgər), Bakı, "Elm və təhsil", 2013.


 
Gözəli sevəsən cavan çağında,
Alma yanaq, gül buxağı ağ ola.
Doyunca əməsən dilin dodağın,
Zülfü dal gərdəndə bir qucaq ola.

Oturub-duranda bilə mərfəti,
Əlində saxlaya məzə şərbəti,
Yatasan, çəkəsən dünya ləzzəti,
Uzana gecələr, gec sabah ola.

Dərdini anlaya, qədrini bilə,
Əlində məhraba, istəkan silə.
Alçaqdan danışa, ucadan gülə,
Geyinə, sallana, damaq çağ ola.

Şeyda bülbüllərin ötüşən çağı,
Qolundan tutasan, gəzəsən bağı.
Ağzına salasan qaymaq dodağı,
Öpəsən, qucasan gen qabaq ola.

Musa deyər, ləbləri qənd yaxşıdı,
Boyu uca, zülfü kəmənd yaxşıdı.
Bu sözlərin yeri xəlvət yaxşıdı,
Alt-üstü ləmpəli bir otaq ola.