Məzmuna keç

Ola (Aşıq Nəcəf Əlimərdanlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ola
Müəllif: Aşıq Nəcəf Əlimərdanlı
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

Arayıb, axtarıb bir yar sevəsən,
Ağıl- mərifətdən ustakar ola.
Qohumla, qonşuyla bəd dolanmaya,
Mülayim kəlməli, dil şəkər ola.

Əvvəl əsil ola ata-anası,
Ola gözəlliyin hər nişanəsi.
Ellər tamaşası, göllər sonası,
Gözəllər içində bir ülkər ola.

Nola, qocalmayıb qalasan cavan,
Çəkəsən dövranı bir neçə zaman.
Yanaq gül qönçəsi, üzü məhtəban,
Qüdrətdən qaşları qələmkar ola.

Nəcəf, elə canı hər ana doğmaz,
İgidlər ahınnan buludlar yağmaz.
Adam var ki, dərdi dəftərə sığmaz,
Özü yaxşı ola, yar bekar ola.