Məzmuna keç

Ola (Canım usta, mənə bir qılınc qayır)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ola
Müəllif: Koroğlu
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

Canım usta, mənə bir qılınc qayır,
Nə uzun, nə gödək, bir qərar ola.
Dəstəyi şirmayı, özü qoşanov,
Vuranda ürəkdən xəbərdar ola.

Xorasan poladın yaxşısından seç,
Yaxşısı olmasa, yamanından seç.
Hər nəyə vuranda dayanmaya heç,
Ya fil, ya kərgədan, ya şahmar ola.

İraxdı mənzilim, uzaqdı ara,
Suyu çox sərt ola, qılovu qara.
Yarı cılxa polad, yarı nalpara,
Qara əqrəb kimi zəhrimar ola.

Kamandar dediyin ötürməz avı,
Kimdi bu dünyada qolumun bavı?
Qayıtmaya ağzı, iti qılavı,
Haraya ki, dəydi, tarumar ola.