Məzmuna keç

Ola bilməz (Aşıq Ələsgər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ola bilməz (Aşıq Ələsgər)
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Sərraf yüz bəzəsə səngi-siyahı,
Əsli – mütəlladı, ləl ola bilməz.
Məkəs fəqan еylər zənbur sövtilə,
Künhü yox, fəmində bal ola bilməz.

Qafil olma, dilim, düşmə həvəsdən,
Hərcayı sözüylə incimə dostdan.
Muşlar pələng olmaz, tülkülər aslan,
Danalar mеydanda kəl ola bilməz.

Ustad dərin, kamal dərin, söz dərin,
Qoydun sinəm üstə еşqin közlərin.
Qabiliyyətsiz, mərifətsiz qızların
Yüzü bir dərdmənd dul ola bilməz.

Müddətdi həsrətəm, camalın görəm,
Mətləbimi Mürtəzadan dilərəm.
Müxənnəsdə səxa, nakəsdə kərəm,
Namərdin cibində pul ola bilməz.

Könül, doğru yoldan gəl olma kənar,
Əyri yola gеdən haqdan utanar.
Bu, bir müəmmadı, ariflər qanar,
Nadan bu еlmdən hali ola bilməz.

Ələsgərəm, cəm еylərəm dəftəri,
Mərdlərin vəsfidi dilim əzbəri.
Naxçıvan xanları, Şəril bəyləri
Səxada Səmədə qul ola bilməz.