Olacaq

Vikimənbə saytından
Olacaq
Müəllif: Cəfər Cabbarlı

(Olacaq-olmayacağa cavab)

Uyaraq molla, seyid məkrinə, sapsam yoldan,
Ataraq xalqı, yapışsam belə möhkəm puldan,
Soyulub xalq bütün çıxsa palandan, çuldan,
Yenə də ölkədə bir şurişi-üsyan olacaq?
Bəli, vallah olacaq!
İndilik el mənə tapşırdı həyatın, əməlin,
Tutalım mən də çıxartdım onun haqqından əlin,
Müxtəsər böylə dağıtdım bu sədaqət təməlin,
Saxladım bir neçə il ölkədə tacın əcəlin,
Sonradan anlayacaqdır görəsən el əməlin,
Məni şah etdiyinə sonda peşiman olacaq?
Bəli, vallah olacaq!
Nə deyir molla, seyid, bəy nə deyir, xan nə deyir?
O tərəfdən görəsən kəndli nə, dehqan nə deyir?
Görəsən şahlığıma büsbütün İran nə deyir?
Bunların hamsı keçib getsə də, vicdan nə deyir?
Məni tarix söyəcək, məndə bu nöqsan olacaq?
Bəli, vallah olacaq!
Neçə ildən sonra millət ayılıb açdı gözün,
Bildi öz xeyrü şərin, ya tanıyıb gördü özün,
Onda ki, işlərin öyrəndi bütün əyri-düzün,
Görəsən xainə bir ədlilə divan olacaq?
Bəli, vallah olacaq!
Olacaq-olmayacaq, mən nə bilim xanəxərab,
Durma ey saqi, pədərsuxtə, bir badə şərab!
“Şod" nə “şod" düşdü yenə ortalığa köhnə kitab,
“Olacaq-olmayacaq" çox sürəməz məncə hesab,
Verəcəkdir Rza xan kəndisi tarixə cavab.
Olacaq-olmayacaq?