Olacaqdı (Aşıq Ələsgər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olacaqdı
Müəllif: Aşıq Ələsgər
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Dedim, könül, içmə eşqin camını,
İçsən, dünya sana dar olacaqdı.
Ya dost olma, ya zəhmətdən incimə,
Dost yolunda boran-qar olacaqdı.

Aldanma dövlətə, uyma dünyaya,
Halaldan kəsb eylə özünə maya.
Zinakar, haramxor yetişməz baya,
Dosta xain baxan kor olacaqdı.

Sərgərdan qalmışam mən bu hesaba,
Fələk qurğusuna əhsən, mərhəba!
Novrəstə gözəllər tapmasın hava,
Qönçənin həmdəmi xar olacaqdı.

Hesabdarlar gələr, çəkər hesabı,
Günahkarlar necə gətirər tabı!?
Mizan, Sirat, sual, qəbir əzabı–
Bu işlər qabaqda var, olacaqdı.

Ələsgər, axtarma qüdrətin sirrin,
Zülmətdə işıq var, acıda şirin.
Zikr elə dilində mərdlərin pirin,
Qorxma, dar günündə yar olacaqdı.