Olacaqsan (Cəfər Cabbarlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olacaqsan
Müəllif: Cəfər Cabbarlı

Varsa hünərin cəhd elə ərbabi-fəsad ol!
Min fitnə törət, şan qazan, sahibi-ad ol!
Guş etmə sənə kim ki desə, əhli-savad ol!
Min hiylə ilə xalqı soyub, bir yekə zad ol!
Aydın, işıq aləmdə çalış, tirə nəhad ol!
Şad ol, yenə şad ol, yenə şad ol, yenə şad ol!
Eyvah ki, axırda peşiman olacaqsan!

İç gündə şərabı, gələ ta cisminə bir can;
Vur gündə qumarı, boşala kisəvü həmyan.
İxvanını aldat, pulun al, qoy ola giryan;
Bidətlərini axıra vur, olma peşiman,
İslamı dağıt, ol yenə də pak müsəlman.
Qoy başına əmmamə, gedib Molla Cavad ol!
Şad ol, yenə şad ol, yenə şad ol, yenə şad ol!
Eyvah ki, axırda peşiman olacaqsan!

İranlı kimi tiryəkə, bəngə elə adət.
Cəhd eylə ki, bilsin səni "sadiq" bu cəmaət.
Onda sənə çox tapşıracaqlardır əmanət.
Sal cümləsin öz adına, ol əhli-xəyanət.
İnsafə yaxın düşmə əgər qopsa qiyamət.
Et tövbə öləndə, sağ ikən hamili-dad ol!
Şad ol, yenə şad ol, yenə şad ol, yenə şad ol!
Eyvah ki, axırda peşiman olacaqsan!

Kef çək, bu cahanda qəmi-ixvanına yanma,
Viran ola dünya, yenə xabından oyanma.
Qalsan qapaz altında qızar, lakin utanma,
Mən söyləyirəm istər inan, istər inanma,
Bu sözlərimi sonra qanarsan, hələ qanma.
İç qanını xalqın, hələlik ağcaqanad ol!
Şad ol, yenə şad ol, yenə şad ol, yenə şad ol!
Eyvah ki, axırda peşiman olacaqsan!