Olan canım

Vikimənbə saytından
Olan canım
Müəllif: Şair Məhəmməd
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 40

Ay ağalar, nə bəlalı qul oldum,
El içində haqqı-say olan canım.
Qədirbilməzlərin qədrini bildim,
Axırda əməyi zay olan canım.

Bağbanıydım bağa bardan ötəri,
Bülbül idim gülüzardan ötəri.
Bivəfa, biilqar yardan ötəri
Divanə Məcnuna tay olan canım.

Məhəmmədəm, bir murada yetmədim,
Baş götürüb qilü-qaldan itmədim.
Özüm öz oxumu bircə atmadım,
Özgələr oxuna yay olan canım.