Məzmuna keç

Olan varmı

Vikimənbə saytından
Olan varmı
Müəllif: Usta Abdulla
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Arifi-müəzzəm, ey nuri didəm,
Mənim təki ömrü bad olan varmı!?
Qohumdan, aşnadan, dostdan, tanışdan
Xəyalı dolanıb, yad olan varmı?

Hər kəs özü mətləbinin qanmayan,
Dünya cifəsini nəhyi sanmayan.
Fələk əli dəyib, çərxi dönməyən,
Ləzzəti dahanda dad olan varmı!?

Dağlar qan ağlayır, düşüb borana,
Daha bundan sonra çətin yarana,
Göyçə yasa batsın, qaldı virana,
Daha Ələsgərtək ad olan varmı!?

Mənim üçün nə ata var, nə ana,
Arif gərək bu mətləbi tez qana.
Minək qəm atını, çıxaq cahana,
Görək bu dünyada şad olan varmı!?

Hacı Əliş ağanı talan eylədin,
Səməd bəyi gördün, yalan eylədin,
Bizi viran bağa bağban eylədin,
Qan ağla, sızılda, ha dolan varmı!?

Günbəgündən bağlayıram mən vərəm,
Könül sakit olub heç tapmır aram.
Nə Şirin, nə Fərhad, nə yazıq Kərəm
Abdullatək cismi od olan varmı!?