Məzmuna keç

Olar (Dərələyəzli Aşıq Cəlil)

Vikimənbə saytından
Olar
Müəllif: Dərələyəzli Aşıq Cəlil

Əqlinə olmasa ixtiyar İblis,
Sevdada düşmannan bitişmək olar.
Olsa ləyaqətin insanlığa xas,
Fələynən, pələynən öpüşmək olar.

Xəstə sağalarmı ağı olmasa?
İgid seçilərmi yağı olmasa?
Sinəndə qohumun dağı olmasa,
Qaçarda ceyrannan ötüşmək olar.

Bilirsən qiymətin incinin, zərin,
Əgər elmin olsa dərindən-dərin.
Süleyman padşahın, o peyğəmbərin,
Taxtına, tacına yetişmək olar.

Cəlilin dilində, qəlbində Allah,
Keçər günahından, keçər şahənşah.
Böyük ustadlardan dərs alıb, vallah,
Ustadlıq adına yetişmək olar.