Olarmı (Aşıq Cəfər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olarmı
Müəllif: Aşıq Cəfər
Mənbə: Yusif Səfərov (2011). Naxçıvan aşıqları və el şairləri (az). Naxçıvan: "Əcəmi" NPB. 2017-10-05 tarixində arxivləşdirilib. 2017-10-05 tarixində istifadə olunub.


Ay bemürvət, ay beinsaf, ay zalım,
Yaxşı dosta yalan satmaq olarmı?
Bir yar ki, yolunda canından keçər
Heç onu aldadıb atmaq olarmı?

Taleyi yatmışa heç vaxt kar olmaz,
Tərlan oylağında bil ki, sar olmaz.
Nanəcibdən, bədəsildən yar olmaz,
Ölüncə murada çatmaq olarmı?

Cəfərin taleyi dönməsin tərsə,
Külək əsib yelkənini çevirsə,
İki könül bir-birini sevirsə,
Onun günahına batmaq olarmı?