Məzmuna keç

Olarmı (Qaracaoğlan)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olarmı (XVII əsr)
Müəllif: Qaracaoğlan
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Mənlə aşna olan dilbər,
Aşnanı atmaq olarmı?
Sındırıb şişə könlümü,
Günaha batmaq olarmı?

Səni görüb düşdüm dərdə,
Eşq atəşi yanır sərdə,
Vəfalı dost olan yerdə
Əğyarı tutmaq olarmı?

Yar gərək gəzə yarınan,
Əhdə duz vəfadarınan,
Üzü dönmüş əğyarınan,
İxtilat qatmaq olarmı?

Görəndə yadlar oynunda,
Babalım qalar boynumda,
Zalım seyrağıb qoynunda,
Sarmaşıb yatmaq olarmı?

Olum gözlərin qurbanı,
Unutma əhdi-peymanı,
Yazıq Qaracaoğlanı,
Xoryata satmaq olarmı?