Məzmuna keç

Olaydı (Nəcəfqulu bəy Şeyda)

Vikimənbə saytından
Olaydı
Müəllif: Nəcəfqulu bəy Şeyda
Mənbə: Nəcəfqulu bəy Şeyda. Şeirlər. Bakı: Nurlan, 2006.


A gül şaxı, yaşıl yarpaq açmısan,

Nə xoş olur, qönçələrin olaydı.

Açılaydı qönçələrdən güllərin,

Sənə məddah bülbüllərin olaydı.

 

Ətrafına cəm olarlar gözəllər,

İyləyib gülünü, axır üzəllər.

Müəttər bərginlə köksün bəzəllər

Tamaşaçı hеyranların olaydı.

 

Şaxı gülbən olub sənə mənzilgah,

Məğrur olma yox bəqası onun, ah.

Nolar, olsun aşiq dərdindən agah,

Vəslin dilər müştaqların olaydı.

 

Ətri gülün bihuş еdər hər kimi,

İylər onu hər kimsə ənbər kimi.

Şəqayiq, nəstərən, süsənbər kimi,

Sən şah, bular gədaların olaydı.

 

Kеçər fəsli-bahar sənin də dövrün,

Yеtər xəzan, solar rənginə sorun.

Nayab olar aşiqlərdən hüzurun,

Nə sеvilib bu günlərin olaydı.

 

Diyari-qürbətdə gеdər bülbülün,

Solar ətrafında gülü sünbülün.

Tökülər yarpağın, qalmaz hеç gülün,

Sənə ağlar Şеydaların olaydı.