Məzmuna keç

Oldu (Aşıq Molla İsmayıl)

Vikimənbə saytından
Oldu
Müəllif: Aşıq Molla İsmayıl
Mənbə: Qara Namazov. "Ozan-aşıq sənətinin tarixi" (PDF) (az.). AMEA Folklor İnstitutu. 2013. 2016-04-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Yenə halqalanır ahu saşların,
Aləmə od salır kaman qaşların,
Biçarə İsmayıl, qanlı yaşların,
Aləmi sellərə verəcək oldu.

Cəllad baxışların səbrim alanda,
O şahmar saçların məni çalanda,
Niqab üzdən atıb yana salanda,
İsmayıl seyrinə çıxıcaq oldu.

Beş qədəm yeridim, qurudu qanım,
Yeddi göydən keçdi ahü fəğanım,
Elə ki, gözümdən yayındı, canım
O yarın yolunda çıxıcaq oldu.

Bir tovuz geyimli, laçın bəzəkli,
Yayındı gözümdən, gedəcək oldu,
Nakam İsmayılın ağlar didəsi,
Şahbuzu sellərə verəcək oldu.