Oldumu
Görünüş
Oldumu Müəllif: İsoy Qurbanov |
O qara gözlərin mənə baxdımı,
Görən mənə canı yanan oldumu.
Viran qoyub, gəldim gözəl taxtımı,
Görən mənə canı yanan oldumu.
Doğmadı könlümə o daş, o qaya,
Gəldim yaman düşdüm indi ax-vaya.
Yansa mənə yanar yazıq Urquya,
Görən mənə canı yanan oldumu.
Yalvardım Allaha kənara atma,
Məni əsir edib, qolumu çatma.
Hamıdan çox yanır o yetim Fatma,
Görən mənə canı yanan oldumu.
Tapşırram, ay Qasım uşağı yoxla,
İnəkdən, qoyundan sat ver taxıla.
Yalvarıram Haqqa Lətifi saxla,
Görən mənə canı yanan oldumu.
Mənbə
[redaktə]- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.46-47