Olimpin zirvəsinə doğru: Azərbaycan Milli Akademiyasının 70 illiyi qarşısında
Olimpin zirvəsinə doğru: Azərbaycan Milli Akademiyasının 70 illiyi qarşısında (2014) Müəllif: Akif Əlizadə |
Mənbə: Akif Əlizadə, Olimpin zirvəsinə doğru: Azərbaycan Milli Akademiyasının 70 illiyi qarşısında. "Respublika" qəzeti, 2014, 8,9,13,14,15,19,20,21,22,25 iyun, s.3 |
Ulu öndər Heydər Əliyev 1993-cü il sentyabrın 21-də Azərbaycan Elmlər Akademiyasında ziyalılarla görüşündə demişdir: “Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyanı yaradan adamlar, Azərbaycanın böyük alimləri çox böyük şücaət göstərmişdir. Ötən dövrdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir”.
Dövlət başçımız müstəqilliyimizin bərpa olunduğu ilk illərdən ölkəmizin inkişafı naminə elmi sahələrin dünya standartları səviyyəsinə yüksəlməsi qayğısını çəkmişdir. Onun 15 may 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adının verilməsi nəhəng elm məbədinin statusunu yüksəltmiş, AMEA-nın qarşısında təxirəsalınmaz mühüm vəzifələrin yerinə yetirilməsinə imkan yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıq hissi ilə demək istərdim ki, Milli Elmlər Akademiyasının Rəyasət Heyəti dövlətimizin yaratdığı imkanlardan istifadə edərək Azərbaycan elminin bütün sahələr üzrə yeni inkişaf mərhələsinə daxil olmasında və dünya elm aləmində layiqli mövqe tutmasında bundan sonra da bacarığını əsirgəməyəcəkdir. Yeni-yeni elmi nailiyyətlərlə vətənimizə, xalqımıza və dövlətçiliyimizə sədaqətlə xidmət edəcəkdir.
Bu gün ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi həyatını əhatə edən Elm haqqında Dövlət Proqramının həyata keçirilməsi AMEA-nın qarşısında yeni üfüqlər açır. Möhtərəm Prezident cənab İlham Əliyevin sərəncam və qərarları ilə təsdiq olunmuş bir sıra mühüm dövlət sənədlərində, strategiya və proqramlarda Azərbaycanın strateji inkişaf xətti, bu siyasətin həyata keçirilməsində elmin rolu öz geniş əksini tapmışdır.
Mühüm tarixi sənədlərdə qarşıya qoyulan məsələlərin həlli istiqamətində rəsmi tədbirlər həyata keçirilir: Hazırda Milli Elmlər Akademiyasında apardığımız struktur dəyişikliyi, informasiyalaşdırma, alimlərin sosial rifahının yüksəldilməsi istiqamətində nəzərdə tutulan tədbirlər, maddi-texniki bazanın gücləndirilməsi məqsədilə həyata keçirilən layihələr, elmi nəşrlərin və veb resursların təkmilləşdirilməsi və digər məsələlər bu qəbildəndir.
2013-cü ilin may ayından Azərbaycan Milli Elmlər Akademiyasında müasir elmin strateji hədəflərinin müəyyənləşdirilməsi istiqamətində görülən işlər elmi-tədqiqat institutlarında dönüş yaradacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir”. AMEA-nın bütün institutlarının və tədqiqat müəssisələrinin elmi əməkdaşlarının Azərbaycan elminin strateji inkişaf hədəflərini müəyyən edən müdrik çağırışa öz elmi nailiyyətləri ilə cavab verəcəklərinə tam əminəm.
Azərbaycan elmi-texniki potensialın qorunub saxlanması, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlər elmin inkişafı üzrə Milli Strategiyanın uğurla həyata keçirilməsini daha da sürətləndirmişdir.
Yeni mərhələdə Azərbaycanın Prezidenti İlham Əliyev, digər sahələrdə olduğu kimi, dövlətin elm siyasəti sahəsində də ümummilli lider Heydər Əliyevin ənənələrini davam etdirir. O, Azərbaycan milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmi potensialın qorunmasını, inkişaf etdirilməsini dövlət siyasətinin ən vacib istiqamətlərindən biri hesab edir. Həqiqətən də, artıq Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün hər cür şərait vardır. İndi Akademiya bu istiqamətdə köklü islahatlar aparmaqdadır. 2020-ci ilədək konkret proqram əsasında AMEA-da idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulur. Bu islahatların strateji məqsədi isə mövcud elmi-texniki potensialı qoruyub saxlamaq, onun milli dövlətçiliyimizin möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına yönəldilməsidir. Alimlərimiz belə hesab edirlər ki, bu istiqamətdəki islahatlar həm elmi potensialdan milli dövlət quruculuğunda istifadə sahəsində, həm də birbaşa elm siyasəti sahəsində Heydər Əliyev ideyalarına ən böyük sədaqət nümunəsidir. Bu, Azərbaycan Milli Elmlər Akademiyasının bütün sahələr üzrə elmi-tədqiqat institutlarının Olimpin zirvəsinə doğru yürüşdə yeni mərhələyə daxil olmasına zəmin yaradır.
Xarici keçidlər
[redaktə]- Akif Əlizadə, Olimpin zirvəsinə doğru: Azərbaycan Milli Akademiyasının 70 illiyi qarşısında. "Respublika" qəzeti, 2014, 8,9,13,14,15,19,20,21,22,25 iyun, s.3