Olmağa

Vikimənbə saytından
Olmağa
Müəllif: Cəfər Cabbarlı

Ay Baba, mən bu sözü yardım əyan olmağa,
Bakılılar and içib şiri-jəyan olmağa.

Köhnələrin hamısı bu işə etmiş qiyam,
Güclülər acizlərin baş-gözün əzsin tamam.
Bu işi bərk tutmağa razı olub xasü am.
Başlayıb acizlərin baş-gözü qan olmağa,
Bakılılar and içib şiri-jəyan olmağa.

Sonra bu şairlərin hamısını döyməyə,
Şairə şey satmayıb, lap üzünə söyməyə;
Çünki olar qoymayır xalq özünü öyməyə,
Hamısı məhkum olub həsrəti-nan olmağa,
Bakılılar and içib şiri-jəyan olmağa.

Bir də bu məktəblərin hamısını yıxmağa,
Həm də müəllimlərin burnunu bərk sıxmağa,
Qət eləyib cümləsi şəhri qoyub çıxmağa,
Dağlı kimi dırmaşıb dağda çoban olmağa,
Bakılılar and içib şiri-jəyan olmağa.

Sonra da bu tazələr böylə ediblər yəmin,
Hamısı tərk eyləsin möhnəti, dərdü qəmin,
Maryanı bərk-bərk tutub, evdə ata həmdəmin,
Çox-çox içib vodkanı gündə piyan olmağa,
Bakılılar and içib şiri-jəyan olmağa.

Mən də ki, and içmişəm bir də “Qəyur" olmayım.
İndi ki, yoxdur yerim, göydə tüyur olmayım,
Səhni-səmadan düşüb əhli-qübur olmayım.
Olmayıram mən qəyur, dərdə nişan olmağa,
Mən oluram kəmşüur sahibi şan olmağa!