Məzmuna keç

Olmaya

Vikimənbə saytından
Olmaya
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Düz ola ürəklər, saf ola qəlblər,
Oğurluq, əyrilik, yalan olmaya.
Bütün xəlq olunmuş bilməyə kədər,
Qüssədən gözləri dolan olmaya.

Nə bəy ola, nə bir nökər, nə də xan,
Düz yola-ərkana çalışa insan.
Adəm nəvələri olub mehriban,
Şahmar kimi eli çalan olmaya.

Rəhmə gələ pristavlar, ağalar,
Rahat yata beşikdəki çağalar.
Tamahkarlar tamahını boğalar,
Elin var-dövləti talan olmaya.

Kəsilə çaxnaşma, məğşuşluq yata,
Adamlar pisliyin daşını ata.
Yazıq kasıblar da xoş günə çata,
Kədərdən saralıb, solan olmaya.

Məmmədhüseyn elnən tapa güzəran,
Hər yanda can deyə, can eşidə, can.
Görünməyə gözə yaralı ceyran,
Dərd gətirən acı zaman olmaya.