Olmaya məstanə eynintək, şəha, məkkar kar
Görünüş
Olmaya məstanə eynintək, şəha, məkkar kar Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.212. |
Olmaya məstanə eynintək, şəha, məkkar kar,
Karıma qoymaz məni hər bab ilə əğyar yar.
Yarı əhdində vəfalı istəgil, ey dust, dust,
Dust olanlar eyləsin aşiqinə naçar çar.
Çarə istərsən əgər, sən daməni-dilgir gir,
Girü dəstəm cana salma, ey üzü ənvar var.
Varmıdır nisbət sana bir türk dər Maçinü Çin
Çini-zülfünüz yenə əz nafeyi-tatar tar.
Tari-zülfün aşiqin ruzun qılır şəbrəng rəng,
Rəngi-ali zərd olur həm, ey üzü gülzar zar.
Zardır hüsnündən ötrü ba ləbi-gülgün gün,
Gün ötər xürrəm dutar ki, nərgisi-xunxar xar.
Xarvəş ba hər kəsi sən güldən ötrü tizi tiz,
Tiz Nəsimi cisminin sən yarğusunu yar, yar.