Məzmuna keç

Olmaz (Ağdabanlı Qurban)

Vikimənbə saytından
Olmaz
Müəllif: Ağdabanlı Qurban
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

 
Səyə salam vermək insafdan deyil,
Əqrəbə, ilana sarışmaq olmaz.
Silaha aldanmaq, əbəs öyünmək,
Xaini-xəbisnən duruşmaq olmaz.

Təəccübəm bu qurğuya, bu fəndə,
Nahaq yerə qəza salır kəməndə,
Yazıq canım əhli-arif görəndə,
Söyləyib dərdini danışmaq olmaz.

Qurbanam, yamana qol qoyam çətin,
Demərəm dünyada bir kəsin bədin,
Dilim qadağadı, nə danış, nə din,
Nə sirr açmaq, nə söz soruşmaq olmaz.