Olmaz (Aşıq Ələsgər)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olmaz Müəllif: Aşıq Ələsgər |
Bu dünyanı mən təcrübə eylədim,
Namərd körpü salsa, onda ad olmaz.
Bir mərd ilə ağı yesən – şirindi,
Yüz namərdlə şəkər yesən – dad olmaz.
Yadın oğlu yağlı aşa mehmandı,
Dar günündə baхarsan ki, usandı,
Düşən günü düşman elə düşmandı,
Yüz il keçsə, qohum səndən yad olmaz.
Ələsgərin sözün yetir nisaba,
Sərf edənlər səbt eləsin kitaba,
Heç namərdin adı gəlməz hesaba,
Mərd bir olur, onda iki ad olmaz.