Olmaz (Adəm oğlu, yol ərkanı tanı, bil)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olmaz
Müəllif: Dəllək Murad
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Adəm oğlu, yol ərkanı tanı, bil,
Yol, ərkan bilənin yeri dar olmaz.
Sirrini söyləmə qəmü-aləmə!
Bivəfa dilbərdən sənə yar olmaz.

İgid odu tənə oxun atmaya,
Halal mayasına haram qatmaya,
Bir oğul ki, ata sözün tutmaya,
O oğulda qeyrət, namus, ar olmaz.

Öz sürümdən qurban verim deyəsən,
Öz yunundan yal toxuyub geyəsən,
Bəslədiyin bağın barın yeyəsən,
Yad bağından sənə heyva, nar olmaz.

Dəllək Murad, çəkmə bir bunca qəmi,
Burda duran olmaz, gedərlər hamı,
Fələk biçinçidi, bu dünya zəmi,
Biçilən zəmidə mürgüzar olmaz.