Məzmuna keç

Olmaz (Qabiliyyətdə, mərifətdə, kamalda — Aşıq Ələsgər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olmaz (Qabiliyyətdə, mərifətdə, kamalda — Aşıq Ələsgər)
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Qabiliyyətdə, mərifətdə, kamalda
Bu cahanda sənin kimi can olmaz.
Camalını görən tapar imanı,
Görüb ayrı düşən müsəlman olmaz.

Səni görən aşiq düşməz həvəsdən,
Əl götürməz bu söhbətdən, bu bəhsdən.
Müxtəsəri, mеylin dönsə hər kəsdən,
Gözündə nur, cəsədində qan olmaz.

Qüdrətdən çəkilib qaməti-şahbaz,
Sən gələn yollara üzüm payəndaz.
Mən ölüm, aç üzün, çox еyləmə naz,
Göz gözə baxmasa, mеhriban olmaz.

Gözəlliyin haqq isbata yеtirib,
Əsmər yanağında güllər bitirib.
Zülеyxa təmkini səndən götürüb,
Sənin tək nə mələk, nə qılman olmaz.

Ələsgərəm, еşq oduna sarışdım,
Firqətindən yandım, yandım, alışdım.
Gizlin sirrim mən Loğmana danışdım,
Sənsiz bu dərdimə hеç dərman olmaz.