Olmaz (qoşma, Aşıq Ələsgər)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Olmaz Müəllif: Aşıq Ələsgər |
Mənbə: "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(7)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2011. 2017-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18. |
Arif məclisində bir söz söylərəm,
Nə hədyan, nə çaşqın, nə qələt olmaz.
Nütfədən pak olan, loğmadan halal,
Mərifət elminə nabələd olmaz.
Bir söz söyləyərəm, ariflər qanar,
Müxənnətlər etdiyindən utanar.
Varlıqda dost olma, yoxluqda kənar,
“İyidəm” deyəndə bu adət olmaz.
O dünyanı, bu dünyanı gözləyən,
Həm savabı, həm üsyanı gözləyən,
Namus qədri bilib, nanı gözləyən,
İnşallah, heç yerdə xəcalət olmaz.
Bir şəxsin sənəti istəmək ola,
Səxavət eyləməz, Hatəm Tey ola.
Dövlət tapa, gədalıqdan bəy ola,
Başı ərşə çıxsa, ədalət olmaz.
Ələsgər, mətləbin Xudadan istə,
Kərəm olmaz müxənnəsdə, xəsisdə.
Bəylik, göylük, səylik olan məclisdə,
Qaç ki, orda xeyir-bərəkət olmaz.