Məzmuna keç

Olmaz oldu görüb əhvalımı el xublara aşiq

Vikimənbə saytından
Olmaz oldu görüb əhvalımı el xublara aşiq
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.181.

Olmaz oldu görüb əhvalımı el xublara aşiq,
Eşq nəhyində bu rüsvalığ gör şər’ə müvafiq.

Gəlir olsan, qılaram fərşi-rəhin pərdeyi-çeşm,
Dəxi nəm var, əzizim, gözə qarşı sənə layiq?

Gülüb açılmaq umulmaz dəhənindən, məgər oldur,
Cüzv kim, ləyatəcəzza1 der ona əhli-dəqayiq.

Bağrımın parələrin gözlərin asmış müjələrdən,
Mərdümi-guşənişin, qandanü qandan bu əlayiq?

Gecələr şəm’ yanar, əşk tökər sübh gəlincə,
Can verir sübh gələn dəmdə, zəhi aşiqi-sadiq.

Sibqət etmişdi cigər qanı, gözüm yaşına bir dəm,
Eşq hökm etdi, yenə cari ola adəti-sabiq.

Ey Füzuli, özünü guşənişin et xümi-mey tək,
Ola nagəh olasan kaşifi-əsrari-həqayiq.