Məzmuna keç

Olmur

Vikimənbə saytından
Olmur
Müəllif: Aşıq Alı

Bizim elin gözəlinin
Camalından doymaq olmur.
Boy-buxunu can alandı,
Ləbləri tək qaymaq olmur.

Əydi budaq bar əlindən,
Dağ zinhardı qar əlindən,
Eşq badəsin yar əlindən
Alsan, yerə qoymaq olmur.

Bir söz dedim yada, qandı.
Bu məkanda qada-qandı,
Sevmək nədi? - Qadağandı;
El-obaya yaymaq olmur.

Aralıyam sirdaşımdan,
Həbibimdi ilk yaşımdan,
Səxa süzür göz-qaşından,
Qeyrisinə uymaq olmur.

Bir əlif yaz, qoy məddini,
Dağıtsan qəmin səddini,
Alı aşdı dərd həddini,
Sana çəkib saymaq olmur.