Məzmuna keç

Olsaydı məndəki qəm Fərhadi-mübtəladə

Vikimənbə saytından
Olsaydı məndəki qəm Fərhadi-mübtəladə
Müəllif: Məhəmməd Füzuli


Olsaydı məndəki qəm Fərhadi-mübtəladə,
Bir ah ilə verərdi min Bisütuni badə.

Versəydi ahi-Məcnun fəryadımın sədasın,
Quşmu qərar edərdi başındakı yuvadə?

Fərhadü zövqi-surət, Məcnunü seyri-səhra,
Bir rahət içrə hər kəs, ancaq mənəm bəladə.

Əşki-rəvanimə el cəm oldu, var ümidim
Kim, ola varə-varə cəmiyyətim ziyadə.

Gəh qəmzə içmək istər qanimi, gah çeşmin
Qorxum budur ki, nagəh qanlar ola aradə.

Sərvərlik istər isən, üftadəlik şüar et
Kim, düşmədən əyağə, çıxmadı başə badə.

Gər görməmək dilərsən rəsmi-cəfa, Füzuli,
Olma vəfayə talib, dünyayi-bivəfadə.