Məzmuna keç

Olsun (Varxiyanlı Aşıq Məhəmməd)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olsun
Müəllif: Varxiyanlı Aşıq Məhəmməd
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Qız alanda gözlərini açgilən,
Üzü şirin, rəngində də qan olsun.
Göyçəklərin boylusunu seçgilən,
Canlar alan sərvi-xuraman olsun.

Ləbləri qırmızı, yanağı xallı,
Qaşı, gözü qara, teli cığalı,
Şəkinin şahbazı, Gəncə maralı,
Ahu balası tək bir ceyran olsun.

Əsli, zatı olsun uslu, kamallı,
Boy-buxun sürahi, şəkilli, hallı,
Məclislərdə mələk, pəri misallı,
Otaqlarda ya xan, ya sultan olsun.

Üz dəyirmi olsun, gözləri iri,
Günün altda tər şamama növbəri,
Saçlar yasəməni, qəd sənubəri,
Şahin baxışları bir tərlan olsun.

Yanağı al olsun, buxağı ətli,
Firiştə şəkilli, pəri surətli,
İstərsən şəhərli, istərsən kəndli,
Ancaq nəcib olsun, qanı qan olsun.

İşvəli, çəmxəmli, şivəli, nazlı,
Qarəquş cilvəli, duma avazlı,
Acıqlı, mülayim, söhbətli, sazlı,
Nişanlı sənə də mehriban olsun.

Gözəllərdə çox-çox olur nişanlar,
Gahbir, gahbir, belə-belə cananlar.
Məhəmməd der: ey eşqili cavanlar,
Elə cananlara can qurban olsun.