Məzmuna keç

Olu yarəb ki, düşə daməni-canan əlimə

Vikimənbə saytından
Olu yarəb ki, düşə daməni-canan əlimə,
Müəllif: Əbülqasim Nəbati

Olu yarəb ki, düşə daməni-canan əlimə,
Düşsə, billah ki, düşər çətri-Süleyman əlimə.

Çalaram daşə külüngü belə şirin-şirin,
Cami-eşqi verə gər Xosrovi-xuban əlimə.

Edərəm daireyi-Misri gühərdən ləbriz,
Düşsə gər lə’li-ləbi-Yusifi–Kən’an əlimə.

Tövsəni-təb’i–səbaseyri doyunca çaparam,
Tuta bəxtim, gələ bir sahəti-meydan əlimə.

Qoşaram atı ilən atımı dil kəsməkdən,
Əhd qıldım düşə gər rayici-dövran əlimə.

Saqi, dur, ver mənə bir gür’ə o qan olmuşdan,
Çarə qıl dərdimə, ver bir tikə dərman əlimə.

Təngə gəldim, dəxi bir pəncə yetirrərm çərxə,
Gələ gər qaimeyi-günbədi-dövran əlimə.

Ey Züleyxa, məni çox etmə cəfa tapdaği,
Belə qalmaz, gəli bir guşeyi-zindan əlimə.

Künci-ixfadə əgər rəxti-iqamət salsam,
Verməz əl onda dəxi Rüstəmi-dastan əlimə.

Odumu qurdalama, ey dili kəc əbrani,
Yaxşı rəng çəkdi mənim çaki-giriban əlimə.

Həq bilir kim, edərəm mövci-fəna ğərqabı,
Düşsə gər dideyi-tər ləcceyi – ümman əlimə.

Çəkərəm xəncəri-əlmas, özümü öldürrəm,
İgid ölmüş, yola gəl, yaxma mənim qan əlimə.

Gedərəm dadə əlindən sənin, ey düşməni-can,
Düşsə gər barigəhi-şahi-Xorasan əlimə.

Görüm, ey eşq, səni görməyəsən hiç məlal,
Tari bilsin ki, gəlib küfrdə iyman əlimə.

Dəm çəkib, guşədə xamuş oturmum, neylim?
Bixəbər, gör ki, düşüb gövhəri-Qur’an əlimə.

Rudi-Nilə necə qərq eyləmərəm Fir’onu
Ki, gəlib mö’cizeyi-Musiyi-Imran əlimə.

Hu çəkib, mərqədi-Məcnunə yetirrəm peyğam,
Gələ gər dəmdəmeyi-tərfi–biyaban əlimə.

Etmişəm canı nisar etməyə hazır yarə,
Nola birdən gələ bu müjdeyi-fərman əlimə.

Xançobani genə lal oldu, qələm açdı zəban,
Dur, Nəbati ki, gəlib mürği-süxəndan əlimə.