Məzmuna keç

Olubdu qəm yatağı, şad gördüyün könlüm

Vikimənbə saytından
Olubdu qəm yatağı, şad gördüyün könlüm
Müəllif: Heyran xanım
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Olubdu qəm yatağı, şad gördüyün könlüm
Dağıldı qüssədən, abad gördüyün könlüm.

Diyari-qəmdə giriftarü dəstgir oldu,
Kəməndi-firqətə, azad gördüyün könlüm. -

Fəraq dərdinə axtardı, tapmadı çarə,
Cəmii hikmətə ustad gördüyün könlüm.

Səriri-vəsldə Xosrovsifət oturmuşdu,
Olubdu kuhdə Fərhad, gördüyün könlüm.

Fəraqi-möhnətə düşmüş pərişikəstə olub,
Vüsal seydinə səyyad gördüyün könlüm.

Hücumi-möhnətü qəmdən, süpehri-əlayə
Yetirdi naləvü fəryad, gördüyün könlüm.

Çəkib şərarələr, etdi vücudimi, Heyran,
Misali-kureyi-həddad gördüyün könlüm.