Məzmuna keç

Olur (Qara Kərim)

Vikimənbə saytından
Olur
Müəllif: Qara Kərim

  
Qıjıltıynan dağdan əsir tufanlar,
Vaveylaya düşüb cəmi insanlar,
Mərəklərdən qurtarıbdır samanlar,
İndi də gəvənlər xoşavaz olur.

Biçarə Qədirdə yoxdu bir güman,
Axşam-səhər daim çəkir əl-aman,
Kim verərsə ona bir səbət saman,
O zaman əhvalı onun saz olur.

Qara Kərim heç unutmaz bu qışı,
Çürüdür ağacı, əridir daşı,
Müşkül olub qoca camışın işi,
Xəlbir ilə azuqəsi az olur.