On il qulluq etdim mən Ələsgərə
Görünüş
On il qulluq etdim mən Ələsgərə Müəllif: Aşıq Əsəd |
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab). Bakı, “Elm və təhsil”, 2018. |
On il qulluq etdim mən Ələsgərə,
Sidqimi bağladım etiqadına.
Hər nə desə, qəbul etdim sözünü,
Məni də yetirdi haqq baratına.
On il qulluğunda dayandım, dözdüm,
Dilindən nə çıxdı, sinəmə yazdım.
Qırx beş il dünyanı dolandım, gəzdim,
Bələd oldum yerin yeddi qatına.
Yaxşını götürdüm, yamandan qaçdım,
Oxudum, sinəmin dəftərin açdım.
İyirmi beş yaşında qaynadım, coşdum,
Otuz yaşda mindim eşqin atına.
Eşqin səməndini hər yana çapdım,
Mərd ilə namərdi axtarıb tapdım.
Heç könül yıxmadım, çox könül yapdım,
Göz qoydum dünyanın hər büsatına.
Əsəd deyir, ustada son qoyanın,
Pünhanda laf edib, özün öyənin,
Ustad sözün öz adına deyənin
Lənət gəlsin onun əsli-zatına!