Ona (Mücrüm Kərim)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ona Müəllif: Mücrüm Kərim |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Munda kim var deyim yari-vəfadarım ona,
Çəkibən xəlvətə bir sir açım əsrarım ona,
Göstərim dağü-dilim, söyləyim azarım ona,
Hanı bir dərdi bilən bir para, yalvarım ona.
Qiblədən qaşları yay kilsəyə döndərdi məni,
Ay kimi əhli-şəhər bir-birə göstərdi məni,
Yay kimi əydi bu bidərdlilərin dərdi məni,
Hanı bir dərdi bilən bir para, yalvarım ona.
Pəri tələtli sənəm çox, vəli adəmliyi yox.
Başadək bir kəs ilən həmrəhü-həmdəmliyi yox,
Eyləsə mehrü-vəfa, zərrəcə möhkəmliyi yox.
Hanı bir dərdi bilən bir para, yalvarım ona.
Haçanadək qəmi-hicrana düşüb, qəmdə ölüm,
Ruzi-vəslinə onun yetməsəm ol dəmdə ölüm,
Dəymə Mücrim Kərəmə, qoy məni ölsəm də ölüm,
Hanı bir dərdi bilən bir para, yalvarım ona.