Onda dedim: La İlahə İlləllah
Ona dedim: La İlahə İlləllah Müəllif: Aşıq Heydər |
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
O dünyada stirükafir əkildi,
Misqal- misqal badyalara töküldü,
Qoxusundan suvalçılar çəkildi,
Onda dedim: La İlahə İlləllah!
Yeridim yetişdim bir güllü bağa,
Gülün dərdim, düşdüm bir ağ otağa,
Ənkir- Münkür dayanmışdı çomağa,
Onda dedim: La İlahə İlləllah!
Oxudum, öyrəndim, heç nə bilmədim,
Ağladım, sıtqadım, gah da inlədim,
Könlümün səsini özüm dinlədim,
Onda dedim: La İlahə İlləllah!
Biçarə Heydərin qalmadı tabı,
Bir suala verdim min bir cavabı,
Həkk oldu sinəmdə eşqin kitabı,
Onda dedim: La İlahə İlləllah!