Onda
Görünüş
Onda Müəllif: Şair Ağacan |
Sənə dedim çıxma dağlar başına,
Tipi boran olar, qar olar onda.
Əlini uzatma sən hər yuvaya,
Şahmar ilan olar, mar olar onda.
İşin nədi bu Rüstəmi Zalınan,
Girmisən meydana qeylü-qalınan.
Dananı qoşsalar qoca kalınan
Görərsən hansına, zor olar onda.
Gör nələr var bu ustanın canında,
Hünərin varsa da dur meydanında.
Əlli il qalsan Ağacanın yanında,
Anlamazsan nə cürə tor olar onda.