Ondan öldür

Vikimənbə saytından
Ondan öldür
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Başına döndüyüm, xanlarm xanı,
Könlümün mətləbin bil, ondan öldür!
Sən ol tanrı, mənə qəzəbnak olma,
Lütf elə, üzümə gül, ondan öldür!

Qəm əhliyəm, dindirməsən dinmərəm,
Eşq oduna alışmışam, sönmərəm,
Ta ölüncə dediyimdən dönmərəm,
Apar yar qoynuna sal, ondan öldür!

Qurbaniyəm, eşq əlindən büryanam,
Ta ölüncə mən o qıza qurbanam,
Qulluğunda gözü bağlı tərlanam,
Çalış, şikar bəndin al, ondan öldür!