Məzmuna keç

Ovçu Pirimin nağılı

Vikimənbə saytından
Nağıllar. Ovçu Pirimin nağılı
Müəllif: Şifahi xalq ədəbiyyatı

Badi-badi giriftar,
hamam-hamam içində,
xəlbir saman içində,
dəvə dəlləklik elər
köhnə hamam içində.
Hamamçının tası yox,
baltaçının baltası,
burdan bir tazı keçdi,
onun da xaltası yox.
Qarışqa şıllaq atdı,
dəvənin budu batdı.
Milçək mindik Kür keçdik,
yabaynan dovğa içdik.

Günlərin bir günündə, Məmməd Nəsir tinində, biri varıydı, biri yoxuydu, bir ovçu Pirim varıydı. Bunun işi-peşəsi sabahdan axşama kimi dağda-daşda, meşədə ovçuluq eləmək idi.

Yenə bir gün ovçu Pirim şikara gedirdi. Yolda qabağına bir ceyran çıxdı, tez oxu çilləyə* qoyub ceyranı vurdu, gətirib evdə dərisini soyub, ətini şişlərə taxıb kabab bişirmək istədi. Ovçu Pirim elə ki, şişləri odun üstünə qoydu, bir də gördü ki, ətin hər tikəsi bir ceyran olub başladılar qaçmağa. Pirim bu işə lap məəttəl qaldı. Əlləriynən gözlərini ovuşdururdu ki, görsün bu yuxudu, ya gerçək. Gördü ki, yox balam, elə doğrudu. Aradan bir neçə gün keçmişdi, ovçu Pirim fikirləşdi ki, ceyranın dərisi çox qəşəngdi, aparım bunu padşaha bağışlayım. Pirim dərini gətirib padşaha verdi. Vəzir-vəkil yığılıb gördülər ki, bu elə bir dəridi ki, heç qiyməti yoxdu. Vəzirin ovçu Pirimə paxıllığı tutdu. Onun başını batırmaq istədi. Odur ki, dedi:

– Qibleyi-aləm, bu cür gözəl dərini salmağa gözəl də bir imarət lazımdı. Özü də fil sümüyündən, o da ki, səndə yoxdu, əvvəlcə fil sümüyündən bir imarət tikdir, sonra ceyran dərisini də sal evə

Padşah dedi:

– Vəzir, mən bu qədər fil sümüyünü hardan tapım?

Vəzir dedi:

– Ceyranın dərisini gətirən fil sümüyünü də gətirə bilər. Ovçu Pirimi göndər tapıb gətirsin.

Padşah o saat ovçu Pirimi çağırtdırıb əmr elədi ki, yeddi günün müddətinə mənə fil sümüyündən bir imarət tikdirməsən boynunu vurduracağam. Yazıx Pirim kor-peşiman qayıtdı evə. Öz-özünə dedi: “Haqqı olur, mən niyə ceyran dərisini aparırdım ki, padşah da mənə belə deyirdi. Özüm öz əlimnən başıma bəla açdım”. Bir az götür-qoydan sonra bu qərara gəldi ki, baş götürüb bu vilayətdən ilim-ilim itsin. Buxçasına bir az çörək qoyub, oxunu, yayını da əlinə alıb başladı getməyə. Az getdi, çox getdi, dərə-təpə düz getdi, gəlib bir dağın dibinə çatdı. Gördü ki, uzaxda bir qəşəng ağ ilanla bir bədheybət qara ilan biri-birinə sarmaşıb. Qara ilan ağ ilanı az qalır ki, boğsun. Ovçu Pirimin ağ ilana həm yazığı gəldi, həm də qeyrəti götürmədi. Oxu çilləyə qoyub qara ilanı nişan aldı. Amma bədbəxtlikdən ox ağ ilana dəyib, onu bərk yaraladı. Qara ilan qaçdı. Ağ ilanın qışqırığına bütün ilanlar tökülüb gəldilər. Demə ağ ilan ilanlar padşahının qızı imiş. Odur ki, padşah əmr elədi ki, qızımı vuranı yerdə də olsa, göydə də olsa tez tapıb mənim hüzuruma gətirin! Bəli, o saat ilanlar düzü-dünyanı axtarıb ovçu Pirimi tapdılar. Qabaxlarına salıb ilanlar padşahının imarətinin qapısının ağzınatan qovdular. Ovçu Pirim çox bikeyf idi. Bu ilanlardan biri yolda Pirimə dedi:

– Ey ovçu, niyə bikeyf olursan. Öz əməlinin cəzasıdı çəkirsən.

Pirim dedi:

– Ey ilan, mən ağ ilana yaxşılıq eləmək istəyirdim, gəldi tərsinə çıxdı, ona görə bikeyfəm.

İlan dedi:

– Pirim qağa, ilanlar padşahı bilsə ki, bu iş sənin namusuna toxunub, onda sənin günahından keçər.

Pirim baxdı ki, böyük bir dağın altından yol gedir, gethaget, düz gəlib çıxdı şah olan yerə. Gördü burda bir cahi-cəlal var ki, heç deyiləsi deyil. Hər yer qızıldan, gümüşdən, ləli-cavahiratdandır. Yuxarıda qızıl taxtın üstündə yekə bir ilan oturub, başında da ləl-cavahirdən bir tacı var ki, adam baxanda gözü qamaşır. Demə bu, ilanlar padşahı imiş. Bunun hər tərəfindən rəngbərəng, irili-xırdalı ilanlar tim-tik qalxıb az qalırlar adamı yesinlər, bir xışıltı, fışıltı var ki, gəl görəsən. Ovçu Pirim qorxusundan tərpənə bilmirdi, ayağının altında o qədər ilan var idi ki, sayı-hesabı yox idi.

Ovçu Pirimin yaraladığı ağ ilan da qapının yanında durmuşdu. İlan dilə gəlib dedi:

– Ey ovçu Pirim, mən bilirəm, sən məni qəsdən vurmadın, qara ilanı vurmaq istəyirdin, amma ox mənə dəydi. İndi ilanlar padşahıynan danışıb qurtarandan sonra desə ki, məndən nə istəyirsən, onda qorxma, de ki, iki şey istəyirəm, biri yaşıl qaşlı üzüyü1 mənə ver, ikincisi də ağzıma tüpür. Atam nə qədər qəzəblənsə də qorxma, elə o şeyləri istə.

İlanlar padşahı başını qaldırıb dedi:

– Ey oğul, sən nə cürətlə mənim qızımı vurubsan?

Ovçu Pirim dedi:

– Ey ilanlar padşahı, mən sənin qızını qəsdən vurmadım. Gördüm ki, bir qara ilan onun boynuna sarmaşıb boğmaq istəyir. Namus mənə güc elədi, bu kifirlikdə bədheybət qara erkək ilan belə göyçək ağ ilanla niyə oynasın. Odur ki, mən o qara ilanı nişan aldım, amma bədbəxtlikdən ox ağ ilana dəydi.

Padşah bu sözü eşidən kimi dedi:

– Ovçu Pirim, mənim qızımın namusunu çəkdiyinə görə səni öldürməyəcəyəm. Əvəzində məndən nə istəyirsən, de verim.

Ovçu Pirim dedi:

– Mənim taxsırım çoxdu, ölmək istəyirəm, padşah sağ olsun, elə ağzıma tüpür, qoy ölüm gedim, onda mənə yaxşılıq eləmiş olarsan. Padşah dedi:

– Ay ovçu, axı mənim tüpürcəyim zəhərlidi.

Sonra padşah bir ilanı çağırıb dedi:

– Tüpür bu daşın üstünə, ovçu görsün.

İlan daşın üstünə tüpürən kimi daş zəhərin gücündən parça-parça oldu. Padşah dedi:

– Ovçu, gördünmü zəhərin gücünü?

Ovçu Pirim dedi:

– Mən razıyam, tüpür.

Padşah əlacsız qalıb ovçu Pirimin ağzına tüpürdü. Padşah dedi:

– Ovçu, məndən daha nə istəyirsən?

Pirim dedi:

– Padşah sağ olsun, bir şey də istəyərdim, amma utanıram deməyə.

İlan dedi:

– Utanma, de!

Pirim dedi:

– Qorxuram verməyəsən, and iç ki, anamın südü haqqı verəcəm, sonra deyim.

İlan gördü ki, Pirim əl çəkmir, odu ki, anasının südünə and içdi. Pirim dedi:

– Sənin iki üzüyün var, biri yaşıl qaşlı, o biri də sarı. Mən o yaşıl qaşlını istəyirəm.

Padşah bu sözü eşidən kimi tim-tik ayağa qalxıb gözləri çıxdı kəlləsinə, dili bir qarış çıxdı eşiyə, ağzından köpük daşdandı, qəzəblənib dedi:

– De görüm, sənə kim öyrətdi bu sirri?!

Pirim dedi:

– Heç kim, özüm.

İlan and içmişdi, əlacı kəsildi, götürüb üzüyü verdi. Pirim üzüyü barmağına taxandan sonra dedi:

– Ey padşah, bir üzük nədi ki, onu vermək istəmirdin?

İlan dedi:

– Pirim, bil, agah ol ki, mənim tüpürcəyim xalis sehirdi. Kimin ağzına tüpürsəm, o, cəmi quşların, heyvanların, otların dilin biləcək, bu üzügü də kim barmağına taxsa, dünyada nə istəsə o saat yanında hazır olacaq. Bax ona görə də mən bunu vermək istəmirdim.

Ovçu Pirim padşahın yanından çıxan kimi gördü ki, bütün otların, çiçəklərin, ağacların, heyvanların, ilanların hamısının dilini bilir. Ovçu Pirimi görən kimi ilanlar yerin deşiyindən başlarını çıxarıb dedilər:

– Ovçu Pirim, burda qırx küp qızıl var, mən onun üstündə yatıb qoruyuram, istəyirsən gedim, gəl qızılları apar.

Pirim ilanların köməyilə yerin altında nə qədər qızıl varıydı, hamısının yerini öyrəndi. Odur ki, bu qızıllardan bir xeyli çıxarıb özüynən apardı. Özü də yol başladı Hindistana sarı getməyə. Qabağına böyük bir göl çıxdı, öyrəndi ki, bütün fillər gəlib bu göldən su içib, sonra da çimirlər. Ovçu Pirim ilanlar padşahına ismarış göndərdi ki, mən nə cür eləyim ki, bu filləri öldürüb sümüklərini aparım. İlanlar padşahı öz vəzirini köməyə göndərdi. Vəzir dedi:

– Ovçu Pirim, gərək biz bu gölü balnan dolduraq, fillər gəlib gölə girəndə bala batıb qalsınlar orda. Sonra da bütün ilanlara əmr elərəm fillərin ətini yeyərlər, qalar sümükləri, hər ilan da bir sümük gətirər sabağatan sənə fil sümüyündən bir imarət tikərlər.

Bəli, ovçu Pirim yolda aldığı qızılları götürüb getdi bazara, nə qədər bal satan vardısa hamısının pulunu verib yolladı ki, aparıb balı tökərsiniz filan gölə. Bir günün içində gölə o qədər bal tökdülər ki, göl palçıq kimi oldu. Fillər gəlib çimmək istəyəndə hamısı yapışıb qaldılar. İlanlar padşahının vəziri əmr elədi bütün dünyadakı ilanların hamısı tökülüb gəldi. Filləri çalıb öldürdülər, ətlərini yeyib, hərəsi də bir sümük gətirdi. Sabaha kimi fil sümüyündən gözəl bir imarət tikdilər. Ovçu Pirim gördü ki, ev hazırdı, özü də padşaha verdiyi vəd tamamdı. Tez padşahın yanına gəlib dedi:

– Padşah sağ olsun, fil sümüyündən ev hazırdı.

Padşah baxıb gördü ki, doğrudan elə bir imarətdi ki, dünyanın heç bir yerində belə bir imarət yoxdu. İmarət o qədər hündürdü ki, dibi yerdən nəm çəkir, başı bulutdan. Vəzir ovçu Pirimin sağ gəldiyini görüb ürəyində bir az da kini artdı. Padşah təzə evinə köçüb vəzirinə dedi:

– Vəzir, indi mənim çatışmayan bir şeyim var, yoxsa yox?

Vəzir dedi:

– Qibleyi-aləm, belə bir gözəl evə gözəl də bir qız lazımdı ki, o da Çin padşahının qızıdı. O qız da bu evdə olsa, onda sənin hər şeyin yerində olar.

Padşah təzədən ovçu Pirimi çağırıb əmr elədi ki, indi də gərək Çin padşahının qızını gedib gətirəsən. Yazıx Pirim əlacsız qayıtdı evinə. Bir az çörəkdən-zaddan götürüb başladı yol getməyin binasın qoymağa. Az getdi, çox getdi, iynə yarım yol getdi. Yolda qabağına bir kişi çıxdı. Gördü ki, bir zorba adamdı. Elə bil dövdü. Hər ayağında bir dəyirman daşı, biri də boğazında. Bu kişi quş kimi cəlddi. Heç elə bil ki, bu dəyirman daşları bunun ayağında deyil.

Ovçu Pirim kişiyə yaxınlaşıb dedi:

– Ay qardaş, bu dəyirman daşlarını niyə ayaxlarına keçiribsən?

Kişi dedi:

– Ay ovçu Pirim, gəl məni də özünə yoldaş elə, dərdimi sənə söyləyəcəm, həmi də sənnən hara desən gedərəm.

Ovçu Pirim razı oldu. Kişi dedi:

– Mən bir padşahın pəhlivanıydım. Özüm də elə bərk qaçardım ki, dünyada heç kim mənə çata bilməzdi. Bir gün padşah məni çağırıb bir kağız verdi ki, gərək bunu aparıb Dərgah padşahın vəzirinə verib, bir günə qayıdıb gələsən. Dərgah padşahın torpağına yeddi günə gücnən getmək olardı. Mən bir günə gedib qayıtdım. Gələndə yolda gördüm ki, arvadım padşahın qara quluynan qucaxlaşıb bir ağacın dibində yatıblar. Qılıncı çəkib qara qulu öldürdüm. Arvadım qaçıb meşədə gizdəndi. Başladım arvadımı axtarmağa, düz üç gün axtardım, demə arvad gəlib padşaha xəbər verib ki, sənin pəhlivanın çoxdan qayıdıb gəlib, amma padşahın yanına gəlmək istəmir. Odu ki, padşah qəzəblənib əmr elədi ki, mənim ayaxlarıma, boynuma dəyirman daşı keçirsinlər. O günnən mənim ayaxlarıma, boynuma bu daşları keçiriblər ki, heç yerə qaça bilmiyim.

Kişi öz dərdini danışıb qurtarandan sonra ovçu Pirim də öz başına gələnləri danışdı. Gəlib çıxdılar bir çayın qırağına. Ovçu Pirimnən ayaxlarında dəyirman daşı olan kişi meşədən bir ağac qırıb çayın üstünə uzatdılar ki, o tərəfə keçsinlər. Bir də gördülər ki, bir yekə qənətli qarışqa, yanında öz qoşunnarı gəlib ovçu Pirimə dedi:

– Ovçu Pirim, mən qarışqaların padşahıyam. Mənim qoşunlarım çaydan o tərəf, bu tərəfə keçəndə suda boğulub ölürdülər. İndi sən bu körpünü düzəltdin, mənim qoşunlarım çaydan rahat keçib gedəcəklər. Biz səndən çox razıyıq. Nə işin varsa de, onu yerinə yetirək. Qarışqalar padşahının buynuzları, qənədi, həmi də tükləri var idi. Qənədinin ucundan bir azca qopardıb ovçu Pirimə verdi ki, nə vaxt dara düşsən, bunu oda tutarsan. Onda bütün qarışqalar sənə köməyə gələr.

Bəli, bu iki yoldaş genə yol başlıyıb getməyin binasını qoydular. Az getdilər, çox getdilər, dərələr keçib dağlar aşdılar, ta ki, gəlib çatdılar Çin padşahının torpağına. Gedib padşahın elçi daşının üstündə oturdular. O saat xidmətçilər padşaha xəbər apardılar ki, bəs iki nəfər elçi daşının üstündə oturub.

Padşah əmr elədi ki:

– Gedin onları gətirin mənim hüzuruma.

Xidmətçilər gəlib ovçu Pirimi apardılar padşahın yanına.

Padşah dedi:

– Kimsən? Nəyə gəlibsən?

Ovçu Pirim dedi:

– Mən ovçu adamam, gəlmişəm sənin qızını alıb aparam.

Padşah dedi:

– Mənim üç şərtim var. Əgər onları yerinə yetirsən, qızımı sənə verərəm. Yox, şərtləri yerinə yetirə bilməsən, onda səni öldürtdürəcəyəm.

Ovçu Pirim dedi:

– Mən razıyam, de!

Padşah dedi:

– Birinci şərtim budu ki, on iki çuvalda on iki gilə şeyi bir birinə qatıb on iki ağaclıq bir yerə səpəsən, özü də bir saatda onların hamısını yığıb ayırd eliyəsən. İkinci şərtim odu ki, qızım hər qoluna bir dəyirman daşı taxıb qaçacaq, sən də hər qoluna bir dəyirman daşı taxıb gərək qızımnan ötüşəsən, onu ötə bilsən, onda qızı sənə verərəm. Üçüncü şərtim də odu ki, ilanlar padşahının oğlunun ağzında oynatdığı yekə ləli gərək mənə gətirəsən.

Ovçu Pirim padşahın şərtlərinə razı oldu. Əvvəl-əvvəl qarışqalar padşahının verdiyi qənədi oda tutub bütün qarışqaları yanına yığdı. Bir saatın içində qarışqalar on iki gilə şeyi on iki ağaclıqdan yığıb hamısını ayırd elədilər.

Padşah gördü ki, Pirim birinci şərti yerinə yetirdi. Bu dəfə padşahın qızı hər qolunda bir dəyirman daşı çıxdı meydana. Qız doğrudan gözəl idi. Adam üzünə baxmağnan doymaq bilmirdi. Qələm qaşlı, uzun saçlı, incə belli, şirin dilli, ağ üzlü, qara gözlü, hündür boylu pəhlivan kimi bir qız idi. Ovçu Pirim gördü ki, yox balam, deyəsən qıznan bacarmayacaq, odu ki, fənd qurub dedi:

– Padşah sağ olsun, bu mənim kiçik qardaşımdı, özü də həm ayaqlarında, həm də boynunda dəyirman daşı var. Elə qoy qızın əvvəlcə bunnan ötüşsün, əgər bunu ötə bilsə, onda mənnən ötüşər. Qız razı oldu. Başladılar ötüşməyə. Ayaqlarında dəyirman daşı olan pəhlivan qızı ötüb keçdi. Pirim dedi:

– Padşah, sənin qızın mənim kiçik qardaşımı ötə bilmədi, meydana girsəm məni heç ötə bilməz.

Padşah ovçu Pirimin sözünə razı oldu. Padşahın üçüncü şərti çox çətin idi. Ovçu Pirim ilanların dilini bilirdi. Odu ki, onları çağırıb kömək istədi. İlanlar padşahının vəziri dedi:

– O ləl ki, sənə lazımdı, o qara ilanların padşahının oğlundadı. O ilan həmişə gecələr çıxıb qaranlıqda ləli göyə atıb tutur, ağzında oynadır. Onu almaq çox çətindi. Gərək biz gedib dağın dalında gizlənək, gecə qara ilan ləli atıb tutanda, sən oxnan ilanı vur, biz ləli götürək.

Ovçu Pirim ilanlarnan o qədər gözlədi ki, gecə qaranlıq düşdü. Qara ilan dilinin altında gizlətdiyi ləli göyə atıb tutanda ovçu Pirim ilanı oxnan vurdu, tez ağ ilanlar ləli gətirib Pirimə verdilər. Elə bu vaxt bir də gördülər bir nərilti, xışıltı gəlir ki, elə bil yer-göy lərzəyə gəlir; hər tərəfdən qara ilanların qoşunu hücum elədilər. Qırx gün, qırx keçə ilanların davası oldu. Qan su yerinə axırdı. Bu davada qarışqalar da ovçu Pirimə kömək eləyib qara ilanların yaralarına girib qanlarını sorurdular. Axırda da gördülər ki, heç biri o birinə bata bilmir. Odu ki, çəkilib hərə öz yerinə getdi. Ovçu Pirim də ləli aparıb Çin padşahına verdi. Padşah gördü ki, Pirim bütün şərtləri yerinə yetirdi. Əlacsız qalıb qızını verdi ona. Ovçu Pirim qızı götürüb gəldi öz padşahının yanına. Yolda gələndə ovçu Pirim bütün başına gələn əhvalatın hamısını qıza söylədi. Qız dedi:

– Ay ovçu Pirim, məni ki, padşaha aparırsan, mən ona getməyəcəyəm. Gəl onu öldürək, canımız qurtarsın. Sonra sənə gedim.

Ovçu Pirim dedi:

– Padşahı necə öldürək?

Qız dedi:

– O sənin işin deyil, mən özüm onu öldürərəm.

Bəli, padşah gördü ki, ovçu Pirim qızı gətirib, istədi qıza yaxınlaşa, qız dedi:

– Yol gəlmişəm, yorulmuşam, mənə yeddi gün möhlət ver, sonra evlənək.

Padşah razı oldu. Qızı aparıb fil sümüyündən tikilmiş evə qoydular. Qız elə həmən gün xəlvətcə bir kənkan tapıb ev qapısının içində dərin bir quyu qazdırdı. Üstünü də həsirnən örtdü. Özü də bu qapıdan heç kimi qoymurdu kin, bura padşahındı. Yeddinci gün padşah bəzənib, kecinib qızın yanına gəldi. Qız qapını açıb padşahı həmən qapıdan apardı. Elə padşah ayağını içəri qoyan kimi guppultuynan getdi quyunun təkinə. Sabah açıldı, gördülər padşahdan bir xəbər çıxmadı. Axırda vəzir durub gəldi qızın yanına ki, bəs padşah hardadı? Qız vəziri də həmən qapıdan qəbul elədi. O da ayağını içəri qoyan kimi gurubbaz getdi düz quyunun dibinə. Qız tez adam göndərib ovçu Pirimi çağırdı yanına. Ovçu Pirim Çin padşahının qızıynan evlənib başladılar keyfdamağnan gün keçirməyə.

Ovçu Pirim barmağındakı üzüyə baxıb ürəyindən nə keçirsəydi, o saat o şey qeybdən hazır olurdu. Pirim üzüyə baxıb padşahın imarətindən də qəşəng imarət istədi. O saat nəriltiynən-gurultuynan bir kərpici qızıl, bir kərpici gümüşdən elə bir saray tikildi ki, dünyada heç bir 12 padşahın belə imarəti yox idi. İçində bir cahi-cəlal var idi ki, baxanda adamın ağlı başından çıxırdı, bir-birinin içindən qırx otaq varıydı ki, hamısı qızıl, gümüş, ləl, cavahirat, yaqut, zəvərcat, mirvariynən doluydu. Günlərin bir günü Pirimin köhnə peşəsi genə yadına düşdü, bir ova çıxmaq istədi. Odu ki, arvadına dedi:

– Arvad, ürəyim yaman ova çıxmaq istəyir, bu gün oxu, yayı götürüb meşəyə gedəcəyəm.

Arvad bu sözü eşidən kimi iki ayağını bir başmağa diriyib elə nıx dedi ki, gərək mən də gedəm. Pirim nə qədər dəlil dəlalət elədi ki, ay arvad, sənin bir uşaq qucağında, biri də qarnında, bu halnan hara gedirsən, meşədə sənin nə itin azıb? Arvad əl çəkmədi ki, çəkmədi. Axırda bir at özü mindi, qarnında bir balası, yanında da qulunu olan bir at da arvadına verdi ki, heç olmasa ağır olsun, yolda yıxılıb eləməsin. Arvad balaca oğlunu da dalına şəlləyib sıçrayıb mindi ata, başladılar yol getməyə. Pirim qabaqda, arvad da dalca gedirdi. Birdən Pirimin atı daldakı ata dedi:

– Ay madyan, niyə geridə qalırsan, gəlib mənə çata bilmirsən?

Madyan cavab verdi ki:

– Görmürsənmi, bir bala mənim qarnımda, bir gözüm də qalıb qulunda, üstümdə də bir uşaqnan bir arvad, qarnında da bir bala. Bu boyda yüknən sənə necə çatım?

Ovçu Pirim atların bu danışığını eşidib bərkdən güldü. Arvad ərinin güldüyünü görüb dirəndi ki:

– De görüm, nə olub ki, öz-özünə gülürsən? Pirim istədi sirri açıb desin, bir də gördü ki, atı dayandı, irəli baxıb gördü ki, bir ilan tim-tik qalxıb dedi:

– Ey ovçu Pirim, sən onu bil ki, bu sirri açsan öləcəksən, nə badə deyəsən!

Pirim bu sözdən sonra arvadına heç nə demədi. Arvad mindi cin atına ki, sən məni istəmirsən, istəsəydin gülməyinin səbəbini deyərdin. İndi ki, belə oldu, daha mən səndə oturmayacam, qayıdıb gedəcəyəm atam evinə.

Arvad acıq eləyib düz qayıtdı evə. Pirim nə qədər elədi arvadı qaytara bilmədi. Arvad qabaxda, Pirim də dalınca kor-peşman geri qayıdırdılar. Pirim öz-özünə fikirləşirdi ki, mən neyləyim, arvada bu sirri deyimmi, yoxsa yox? Bu hində Pirim gördü ki, yolda bir xoruz bir toyuğu yanına çağırır, amma toyuq gəlmək istəmir, xoruz bir də çağırdı, toyuq bu dəfə də gəlmədi, başladı qaçmağa. Xoruz hirslənib toyuğun dalınca dedi: – Kül sənin başına, elə bil səndən savayı dünyada toyux yoxdu, sən olma o biri olsun, gəlmirsən cəhənnəmə gəl, mən də ovçu Pirim deyiləm ki, arvadın dalınca düşüb yalvaram.

Pirim bu sözləri eşidən kimi dedi:

– Xoruz qardaş, bəs mən neyləyim ki, arvad qayıtsın?

Xoruz dedi:

– Heç nə, evə gedən kimi yıx yerə, bir-iki əngəzdə, sonra da deynən ki, hara gedirsən get.

Xoruzun sözü Pirimin ağlına batdı, evə gedən kimi elə də elədi, arvadı döyüb qovladı. Arvad bir az eşikdə, qaranlıqda qalıb, sonra korpeşman qayıtdı evə, dedi:

– Ay Pirim, daha səndən heç bir sirr soruşmayacam. Bəlkə elə sirdi ki, mənə deyiləsi deyil.

O gündən arvad Pirimlə bir az mehriban dolandı. Aradan beş-on gün keçdi. Arvad genə sımsırığını sallayıb başladı giley-güzar eləməyə ki, sən məni özünə arvad hesab eləsəydin, sirrini də mənə deyərdin. Arvad o qədər ah-zar eləyib Ovçu Pirimin baş-beynini apardı ki, axırda Pirim cana doyub sirrini açıb arvada söylədi. Sonra dedi:

– Arvad, onu da bil ki, sirri sənə söylədiyimə görə məni bir də görə bilməyəcəksən, vəhşi heyvanlar, qurdlar-quşlar məni yeyib öldürəcəklər.

Arvad dedi:

– A kişi, elə şeydən niyə qorxursan, bir müddət yerin altından lağım atıb orda oturarsan, ara seyingiyənnən sonra çıxarsan.

Pirim dedi:

– Arvad, bu olan şey deyil, mən gedib ov ovlamalıyam.

Ovçu Pirim oxunu, yayını da götürüb getdi meşəyə tərəf. Gördü ki, bir sürü canavar buna sarı gəlir. Pirim baxdı ki, yaxında bir çoban qoyun otarır, özünü verdi çobanın yanına, əhvalatı söyləyib ondan kömək istədi. Çobanın on-on beş iti varıydı, hər biri əjdaha kimi. Çoban dedi:

– Qardaş, qorxma, itləri salarıq canavarların canına, hamısını boğub öldürərlər.

Bəli, bir də gördülər ki, canavarların sürüsünün ağzı açıldı, elə bil qoşun gəlir. Çoban itlərə kıs vurub saldı canavarların üstünə. Bir tərəfdən itlər, bir tərəfdən də çobanla Pirim canavarlarnan başladılar vuruşmağa, düz sabah açılana kimi vuruşdular. Canavarlar o qədər çox idilər ki, qırmağnan qurtarmaq olmurdu. Çobanın itlərinin hamısı şilküt olub taqətdən düşdülər. Yazıq itlər neyləsin, onlar on-onbeş idi, canavarlar minnən də çox. Çoban gördü ki, iş işdən keçib, Pirimi çadırın altında gizlətdi. Amma bu da Pirimi ölümdən qurtara bilmədi.

Canavarlar Pirimi parça-parça elədilər. Ovçu Pirimin arvadı bu əhvalatı eşidib çox peşman oldu.

Nağıl tamama yetdi, camaat da durub evlərinə getdi. Göydən üç alma düşdü, birini nağıl söyləyən yedi, birini kəsin siz yeyin, birini də yolda Pirimin atının qabağına çıxan ilannan xoruz yarı bölüb yesinlər.

Mən sağ, siz salamat, mən yüz yaşıyım, siz iki əlli, hansı çoxdu siz götürün, yerdə qalanı mənim.