Məzmuna keç

Ovçu və ilan

Vikimənbə saytından
Nağıllar. Ovçu və ilan
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir ovçu varmış. Bu ovçu ova çıxır, axşam evə qayıtmır. Aradan üç gün, beş gün keçir, yenə qayıtmır. Qohum-qardaş, qonumqonşu dağa-daşa düşüb onu axtarır – heç bir nişanəsi tapılmır. Deyirlər, yəqin hardasa başına bir iş gəlib, ölüb. Odu ki, ovçuya yas saxlayırlar, ehsan verirlər. Mərəkədə camaatın lap gur vaxtı ovçu, çiynində tüfəng qayıdıb gəlir. Camaat nə qədər soruşur ki, hardaydın, bu vaxta qədər harda qalmışdın – ovçu dinmir. Camaat dağılandan sonra arvadına danışır ki, kolluğnan gedirdim, ayağım boşa çıxdı, düşdüm dərin bir quyunun dibinə. Əlimi işıqlı dünyadan üzdüm, dedim, yəqin bir günahın yiyəsiymişəm ki, düşdüm bura, qalacam burda, qurd-quş basıb yeyəcək məni. Bir az keçdi, gördüm quyunun dibində yol var – ordan işıq gəlir, işıq yavaş-yavaş yaxınlaşır. Yaxına gəldim, gördüm bir ilandı – məni tüfəngli-zadlı udar. İlan yaxınlaşdı mənə, başını qoydu yerə, başladı mənə baxmağa. Qaranlıq düşdü.

İlanın yanında gecələdim. Səhər oldu. İlan quyudan çıxıb getdi. Bir-iki saatdan sonra gəldi, quyunun başından bir dovşan atdı, çörçöp atdı. Sonra özü də düşdü gəldi yanıma. İşarə elədi ki, çör-çöplə dovşanı bişir. Çör-çöplə od qalayıb, dovşanı bişirdim. Verdim ilana, yemədi. İşarə elədi ki, dovşanın dərisiylə başını ver mənə. Verdim yedi. İşarə elədi ki, dovşanın ətini ye. Yedim. Yeddi gün bu minvalla keçdi. Yeddinci gün yenə səhər durub getdi. Həmişə qayıdanda başı üstə gəlirdi, bu dəfə quyruğu üstə gəldi. İşarə elədi ki, quyruğumdan yapış. Qorxa-qorxa yapışdım quyruğundan. İlan qaldırdı, quyudan çıxartdı məni. Bir əlik vurdum, verdim ona. Quyruğunu qoydu quyunun qırağına, başını yellədi. Yəni mənim barəmdə heç kimə heç nə demə. Ordan birbaş gəldim evə.

Ovçu bunları arvadına danışır. Bərk-bərk tapşırır ki, bu barədə heç kimə bir söz demə.

Aradan xeyli vaxt keçir. Bir gün kəndə bir ovsunçu gəlir. Yekə bir ilanı oynadıb camaata göstərir. Camaat baxıb deyir:

– Nə yekə ilandı.

Ovçu özünü saxlaya bilməyib deyir:

– Bu nə ilandı? Mən bir ilan görmüşəm ki, bu onun yanında yalandı.

Ovsunçu ovçudan əl çəkmir ki, de görüm o ilan hardadı? Yerini görsət, gedim tutum.

Ovsunçu nə qədər yalvarır, ovçu ilanın yerini demir. Çox yalvar-yaxardan sonra ovçu əlacsız qalıb deyir:

– Filan yerdə bir quyu var, ilan ordadı.

Ovsunçu deyir ki, apar məni ora, camaatın gözünün qabağında o ilanı ovsunlayıb tutum, sən də bax.

Ovçu, ovsunçunu həmən quyunun başına gətirir. Ovsunçu bir dua oxuyur, quyunun başında dairəvi bir cızıq çəkir. İlan quyudan çıxır, cızığın içinə girib qıvrılır. Camaatın içində ovçunu görəndə tüpürür onun üzünə. Ovçunun sifəti əriyib yerə tökülür.